MM-in komitə sədri: Dünya düzəni dəyişsə də, Azərbaycan Konstitusiyası dövrün tələblərinə cavab verir
- 08 dekabr, 2025
- 11:51
Dünya düzəni dəyişsə də, Azərbaycan Konstitusiyası dövrün tələblərinə cavab verir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsimin sədri Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının (MDB PA) iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən keçirilən "Heydər Əliyev - Suveren Azərbaycanın Konstitusionalizminin və parlamentarizminin banisi" mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il keçib, bu illər ərzində dünya düzəni dəyişib, müxtəlif texnoloji və hüquqi çağırışlar meydana çıxıb:
"Buna baxmayaraq, Konstitusiyamız öz əsas məğzi etibarilə dövrün tələblərinə cavab verə bilir. Təbii ki, müasir çağırışlara uyğun olaraq bəzi əlavə hüquqi aktların və normativ sənədlərin qəbulunun mümkünlüyü də nəzərə alınır və bu istiqamətdə işlər aparılır".
Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin əsasında suverenlik, ərazi bütövlüyü, onun qorunması və Azərbaycanın hər bir vətəndaşının rifahı durur:
"Bundan irəli gələn əsas məqsədlərdən biri hüquqi dövlətin prinsiplərinin dərinləşdirilməsi və informasiya suverenliyinin təmin olunmasıdır. Təbii, vətəndaşların hüquqlarının qorunması, milli təhlükəsizliklə bağlı informasiya resurslarının müdafiəsi və texnoloji infrastrukturun hüquqi cəhətdən təmin olunması mühüm hədəflərdəndir. Dövlət olaraq biz informasiya məkanında müstəqil, şəffaf və təhlükəsiz mühitin qurulmasına yönəlik fəaliyyətimizi davam etdirəcəyik".