Mingəçevirdə hüquqi dövlət və suverenlik mövzusunda regional konfrans keçirilib - YENİLƏNİB

Daxili siyasət
  • 23 dekabr, 2025
  • 13:23
Mingəçevirdə hüquqi dövlət və suverenlik mövzusunda regional konfrans keçirilib - YENİLƏNİB

Baş Prokurorluq Mingəçevirdə "Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma" mövzusunda regional konfrans keçirib.

"Report"un Qərb bürosunun məlumatına görə, konfrans "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunub.

Konfransda dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, jurnalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, elm və təhsil ictimaiyyətinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova konstitusion hüquqların təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi və hüquqi dövlət prinsipinin möhkəmləndirilməsində prokurorluq orqanlarının rolundan bəhs edib. O, hüquqi mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılmasının və institusional islahatların əhəmiyyətini vurğulayıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında dövlət suverenliyinin möhkəmləndirilməsində mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında koordinasiyalı fəaliyyətin vacibliyinə diqqət çəkib, regionlarda hüquqi maarifləndirmə işlərinin davamlı xarakter daşıdığını bildirib.

Mingəçevir şəhər prokuroru Pərvin Quliyev çıxışında prokurorluq orqanlarının Konstitusiyanın aliliyinin təmin olunmasında, qanunun düzgün tətbiqində və dövlət maraqlarının qorunmasında üzərinə düşən vəzifələrdən danışıb.

Müdafiə Nazirliyi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov öz çıxışında Azərbaycan Ordusunun dövlət suverenliyinin təmin edilməsində oynadığı mühüm roldan, informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlərdən və dezinformasiyalara qarşı mübarizə mexanizmlərindən bəhs edib.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov çıxışında insan hüquqlarının qorunmasının hüquqi dövlətin əsas sütunlarından biri olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinin araşdırılması, hüquqi maarifləndirmə və ictimai nəzarət mexanizmlərinin əhəmiyyətinə toxunub.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ali təhsil müəssisələrinin hüquqi dövlət və konstitusion dəyərlərin gənclər arasında təbliğində mühüm rol oynadığını qeyd edib, hüquq sahəsində elmi-tədqiqat işlərinin və akademik–praktik əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Şəhid Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxış edərək dövlət suverenliyinin şəhidlərin canı və qanı bahasına təmin edildiyini bildirib, şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısının bu dəyərlərə göstərilən önəmin bariz nümunəsi olduğunu qeyd edib, eyni zamanda bu müqəddəs irsin və suverenlik dəyərlərinin gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.

Konfrans çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, gənclər arasında hüquqi şüurun artırılması və konstitusion dəyərlərin təbliği istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.

Eyni zamanda prokurorluq orqanları ilə media və QHT-lər rasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılması, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, eləcə də istintaq sirri təşkil edə biləcək informasiyaların ictimailəşdirilməsinin qarşısının alınması məqsədilə jurnalistlərlə ətraflı müzakirələr aparılıb.

Sonda sənədli film nümayiş etdirilib və konfrans iştirakçıları ilə xatirə fotoşəkli çəkilib.

Mingəçevirdə hüquqi dövlət və suverenliyə həsr olunan konfrans təşkil edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə "Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma" mövzusunda konfrans keçirilir.

Mingəçevir Dövlət Dram Teatrında baş tutan konfransda Baş Prokurorluğun məhsul şəxsləri, Ağdam, Bərdə, Goranboy, Şəki, Mingəçevir və Yevlaxdan prokurluq əməkdaşları, icra hakimiyyətləri və idarələrin məsul şəxsləri iştirak edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti