Azərbaycan və Keniya prokurorluq orqanları əməkdaşlığı müzakirə edib
- 20 sentyabr, 2025
- 16:18

Keniyanın Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, sentyabrın 20-də Baş prokuror Kamran Əliyev Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Baş prokuror Azərbaycan və Keniya arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını, hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində ortaq prinsiplərə və əməkdaşlığa əsaslanan güclü siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməkdə olduğu xüsusi qeyd edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən prokurorluq orqanları arasında dinamik inkişaf edən əlaqələri vurğulayıb.
Bundan başqa Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunan Baş prokuror hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə danışıb.
Baş prokuror, həmçinin cari ilin iyun ayında Millətlər Birliyinə (Commonwealth of Nations) üzv ölkələrin baş prokurorlarının 23-cü Konfransında iştirak etməkdən məmnunluğunu ifadə edərək rəhbərlik etdiyi nümayəndə heyətinin Nayrobi və Mombasa şəhərində işgüzar səfəri zamanı göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib.
Keniyanın Dövlət Prokurorluğunun Direktoru Renson İnqonqa təmsil etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, qurumlar arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, cinayətkarlığa qarşı mübarizədə bilik və təcrübə mübadiləsi kimi məsələlər diqqət mərkəzində olub.