Kəlbəcərdə Bal Festivalı keçirilib – YENİLƏNİB
- 24 sentyabr, 2025
- 12:52
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 24-də Kəlbəcər rayonunda "Kəlbəcər Bal Festivalı 2025" tədbiri baş tutub.
"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, festival IDEA İctimai Birliyinin, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, "Aqrar Tədarük və Təchizat" ASC İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, dövlət qurumlarının nümayəndələri, yerli sakinlər iştirak ediblər.
Qeyd edək ki, festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və ölkənin digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer qatılıb.
Festivalda IDEA İctimai Birliyinin dəstək verdiyi gənc arıçılar da öz məhsullarını sərgiləyiblər.
Tədbirdə yerli arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı da olub.
Kəlbəcər rayonunda "Kəlbəcər Bal Festivalı 2025" keçirilir.
"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və ölkənin digər bölgələrindən məhsullarını brendləşdirmiş 37 arıçı fermer iştirak edir.
IDEA İctimai Birliyinin dəstək verdiyi gənc arıçılar da festivalda öz məhsullarını sərgiləyəcəklər. Festival çərçivəsində yerli arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı nəzərdə tutulub.
Tədbirin təşkilində əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşməsi, yerli arıçıların dəstəklənməsi, onların yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə dəstək olmaq, həmçinin regionun tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə verməkdir.