Keçmiş məhkumlara cəmiyyətdəki münasibət: Onların reabilitasiyası necə həyata keçirilir? – ARAŞDIRMA

Daxili siyasət
  • 13 oktyabr, 2025
  • 13:15
Keçmiş məhkumlara cəmiyyətdəki münasibət: Onların reabilitasiyası necə həyata keçirilir? – ARAŞDIRMA

Məhkumluğu bitmiş və azadlığa buraxılmış şəxslərin cəmiyyətə inteqrasiyası dövrün aktual məsələlərindən biridir. Onların çəkdikləri cəza islah olunmaları üçün nə qədər vacibdirsə, sonradan cəmiyyətə adaptasiyası da bir o qədər əhəmiyyətlidir. Bu proses doğru tənzimlənmədikdə, üstəlik keçmiş məhkum cəmiyyət və ya ailə üzvləri tərəfindən xoş olmayan münasibətlə qarşılaşdıqda onun yenidən cinayət törətmə ehtimalı yüksəlir.

Bu il iyunun 25-də Prezident İlham Əliyevin sərəncamı ilə "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı" təsdiqlənib. Həmin fəaliyyət planında məhkumların adaptasiyası məsələsinə də diqqət yetirilib.

Bəs ölkədəki cəzaçəkmə müəssisələrində məhkumların məşğulluğu, onların günlük həyat tərzi, cəmiyyətə hazırlıq prosesi necə təşkil olunur? Həmçinin, keçmiş məhkumlar cəmiyyətdə hansı problemlərlə qarşılaşırlar, onların adi həyata inteqrasiyası üçün hansı işlər görülür?

"Əvvəllər məhkumluq həyatı yaşamısansa, normal cəmiyyətdə bütün qapılar üzünə bağlanır"

Keçmiş məhkum Mirtofiq Soltanov bizimlə söhbətində deyib ki, azadlığa çıxdıqdan sonra cəmiyyətdə müəyyən problemlərlə üzləşib:

"Azadlığa çıxdıqdan sonra qarşılaşdığımız ilk problem cəmiyyətin bizə münasibətidir. İş üçün müəyyən yerlərə müraciət edirsən, məhkumluğun varsa, qəbul etmirlər. Müraciət edən zaman ilk sual da bu olur. İş tapmayanda ailə də səni qəbul etmir. Əvvəllər məhkumluq həyatı yaşamısansa, cəmiyyətdə bütün qapılar üzünə bağlanır. Bu problemlərlə dəfələrlə qarşılaşmışam. Neçə yerə müraciət etmişəm, işə qəbul etməyiblər. Hətta şadlıq sarayları da imtina ediblər. Mən üç ildir azadlığa çıxmışam və törətdiyim əməli təkrar etməmişəm".

M.Soltanov qeyd edib ki, məhkum olunmamışdan əvvəl bir neçə il televiziyada operator işləyib:

"Səhvsiz insan yoxdur, bir səhv edib cəzamı çəkmişəm. Amma onun əziyyətini hələ də çəkirəm. Heç yerdə işə qəbul etmirlər. Adi fəhlə işinə belə müraciət edəndə məhkumluq haqqında arayış istəyir, məhkum olunduğumu biləndə isə işə götürmürlər".

Ailədaxili konflikt, psixoloji gərginlik, iş tapmaqda çətinliklər...

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov "Report"a açıqlamasında qeyd edib ki, cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərin əsas problemi sosial damğalanmadır.

"Onlar işə qəbulda, kirayə ev tapmaqda, hətta ailədaxili münasibətlərdə belə bu damğa ilə üzləşirlər. Əksəriyyət iş tapmaqda çətinlik çəkir, çünki keçmiş məhkumluq faktı işəgötürənlər üçün hələ də maneə hesab olunur. Bundan əlavə, psixoloji gərginlik, yuxu pozuntuları, depressiya, alkoqol və ya digər asılılıqların yenidən qayıtma riski müşahidə olunur".

Onun sözlərinə görə, digər ciddi problem sənədləşmədir – şəxsiyyət vəsiqəsinin bərpası, tibbi qeydiyyat, bank xidmətlərinə çıxış bəzən çətinlik yaradır.

"Penitensiar müəssisələrdə peşə kurslarının təşkili, sənədləşmənin həll olunması və ailəyə psixoloji hazırlıq işinin aparılması olduqca vacibdir. Son illərdə Ədliyyə Nazirliyi də məhz bu istiqamətdə addımlar atır", - psixoloq deyib.

O, vurğulayıb ki, azadlığa çıxan şəxs üçün ilk günlər daha kritik olur:

Elnur Rüstəmov

"Bu zaman "bir pəncərə" sistemi ilə qeydiyyat, tibbi xidmət, psixoloji dəstək və müvəqqəti yaşayış təmin olunmalıdır. Probasiya xidməti bu sahədə mühüm rol oynayır. Həm nəzarət, həm də sosial adaptasiya mexanizmi kimi çıxış edir".

Onun fikrincə, işəgötürənlər üçün də müəyyən vergi güzəştləri tətbiq oluna, xüsusi kvotalar ayrıla bilər:

"Keçmiş məhkumların reabilitasiyası ilə bağlı bizə müraciət edirlər. Bu müraciətlər arasında ən çox rast gəldiyimiz şikayətlər ailədaxili konflikt, psixoloji gərginlik, eyni zamanda, iş tapmaqda çətinliklər və s. problemlərlə bağlıdır. Müraciətlərdə onu da görürük ki, keçmiş məhkumların dəstəyi yalnız psixoloji yardımla bitmir, bu, həm də hüquqi, sosial və iqtisadi tədbirlərlə tamamlanmalıdır".

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri əlavə edib ki, bu sahədə son illərdə aparılan islahatlara baxmayaraq, daha sistemli tədbirlərə ehtiyac duyulur. Belə ki, travma həllinə yönəlik psixoloji yardım, stress idarəetmə və asılılıqla mübarizə proqramları, ailə ilə mütəmadi videobağlantı və canlı görüşlərin təşkili, eləcə də azadlığa çıxmazdan əvvəl xüsusi reinteqrasiya kursları təşkil olunmalıdır. Bu yanaşma həm məhkumların psixoloji rifahını yaxşılaşdırır, həm də azadlığa çıxdıqdan sonra cəmiyyətə daha tez uyğunlaşmalarına imkan yaradır.

Son zamanlar bu istiqamətdə kifayət qədər addımlar atıldığını da vurğulayan E.Rüstəmov qeyd edib ki, məhkumların reabilitasiyası sadəcə humanist yanaşma deyil, bu, həm də cəmiyyətin təhlükəsizliyi və dövlətin sosial-iqtisadi yükünün azalması deməkdir.

Günahkarlıq hissindən necə qurtulmalı?

Sosioloq Nail Cəlil "Report"a açıqlamasında xatırladıb ki, məhkumların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün xüsusi dövlət proqramı var.

"Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq İdarəsi üzrə qəbul edilmiş təsisatlaşma da mühüm rol oynayır. Keçmiş məhkumlar cəmiyyətdə ayrı-seçkiliklə üzləşirlər. Ağır cinayətlərdə təqsirləndirilən şəxslərin azadlığa çıxdıqdan sonra işlə təmin olunması və cəmiyyətə inteqrasiyası çətin prosesdir. Dövlət qurumları bununla bağlı müxtəlif reabilitasiya mərkəzləri yaradır. Keçmiş məhkumların reabilitasiyasını sürətləndirmək üçün, ilk növbədə, onları günahkarlıq hissindən və cəmiyyətdəki münasibətdən azad etmək lazımdır".

Nail Cəlil

N.Cəlilin sözlərinə görə, keçmiş məhkum cəmiyyətin onlara qarşı münasibətindən, natamamlıq kompleksindən və bu kimi digər səbəblərdən yenidən cinayət törədə bilər. Sosioloq əlavə edib ki, bu səbəbdən dövlət qurumları ilə yanaşı, müəyyən təşkilatlar da keçmiş məhkumlarla işləməli, onların cəmiyyətə inteqrasiyasına dəstək olmalıdırlar.

"Cəmiyyətin münasibəti keçmiş məhkumlarda həyatın pulsuz olduğu cəzaçəkmə müəssisəsinə yenidən qayıtmaq istəyi yaradır"

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev "Report"a bildirib ki, cəzaçəkmə müəssisələrinin vəzifəsi sadəcə məhkumlara verilən cəzanı icra etmək deyil, eyni zamanda, məhkumları cəmiyyətə hazırlamaqdır:

"Tədqiqatlar göstərir ki, peşə bacarığı olan keçmiş məhkumların yenidən cinayət törətməsi digər şəxslərə nisbətən azdır. Buna görə də onların peşə fəaliyyətinə cəlb olunması cəzaçəkmə müəssisələrinin əsas strategiyalarından biridir. Cəzaçəkmə müəssisələrində tətbiq olunan proqramlar məhkumların sosial adaptasiyasına kömək etməli, onlar psixoloji reabilitasiyadan keçməli, ailələri ilə əlaqələrinə diqqət ayrılmalıdır".

Ə.Nuriyev vurğulayıb ki, azadlığa buraxılan keçmiş məhkumların qarşılaşdıqları əsas problemlərdən biri də iş tapmaqda çətinlik çəkmələridir:

Əliməmməd Nuriyev

"Ailəsi tərəfindən qəbul edilməyən keçmiş məhkum yaşamağa yer tapmaqda çətinlik çəkir. Bu problemlər onları cəmiyyətdən təcrid edir. Cəmiyyətdə də keçmiş məhkumlara qarşı fərqli yanaşmalar var. Azadlığa çıxan şəxs iş tapa bilməyəndə yenidən cinayətə əl atır. Bu problemlər keçmiş məhkumlarda həyatın pulsuz olduğu cəzaçəkmə müəssisəsinə qayıtmaq istəyi yaradır".

İşlə təminat əsas hədəf kimi

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda 15 cəzaçəkmə müəssisəsi üzrə 8 peşə məktəbi fəaliyyət göstərir:

"Pedaqoji heyəti 88 nəfərdən ibarət olan həmin peşə təhsili müəssisələrində 2024–2025-ci tədris ili üçün 59 qrupda 20 ixtisas üzrə 1167 məhkum peşə təhsilinə cəlb olunub. Məhkumların xalçaçı, dərzi, aşpaz, qənnadıçı, şirniyyatçı, montyor və digər peşələr üzrə təhsil almaq imkanları var. Peşə biliklərinə malik məhkumlar cəzaçəkmə müəssisələrində təsərrüfat və istehsalat işlərinə cəlb olunurlar, o cümlədən fərdi əmək sahələrində işləyirlər.

"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidenti tərəfindən 11 sentyabr 2024-cü il tarixində Sərəncam imzalanıb. Bu Sərəncam cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsinə, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılmasına, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunmasına istiqamətlənib".

Nazirlikdən, həmçinin qeyd edilib ki, bu məqsədlə "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və infrastrukturun təkmilləşdirilməsi istiqamətində tədbirlərin icrasına başlanılıb:

"Tədbirlər Planına uyğun olaraq 2025-2030-cu illər ərzində cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, peşə təhsili üçün infrastrukturun, avadanlığın qurulması və təkmilləşdirilməsi, məhkumlar üçün peşə təhsilinin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi məqsədilə institusional tədbirlərin həyata keçirilməsi, peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi mexanizminin hazırlanması, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma tədbirləri həyata keçiriləcək".

Əlavə edilib ki, məhkumların xidmətlərinin və istehsal etdikləri məhsulların satışının həyata keçirilməsi məqsədilə bu xidmət və məhsulları təqdim edə biləcəkləri informasiya sisteminin yaradılması üzərində işlərə start verilib:

"Bu informasiya sistemi vasitəsilə məhkumların xidmətlərinin və istehsal etdikləri məhsulların satışı həyata keçiriləcək. Eləcə də mütəmadi olaraq peşə təhsili prosesinə karyera məsləhətçilərinin, kənar psixoloqların, peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. Beləliklə, növbəti 5 il ərzində həyata keçiriləcək kompleks tədbirlər nəticəsində cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, cəzaçəkmə müəssisələrində peşə təhsili almış şəxslərin azadlığa buraxıldıqdan sonra işlə təmin olunması imkanlarının genişləndirilməsi və həmin şəxslər tərəfindən yenidən cinayət törədilməsi hallarının qarşısının alınması qarşıya qoyulan əsas hədəflərdir".

Görünən odur ki, məhkumların sosial reabilitasiyasını təmin etmək, onların məişət şəraitini yaxşılaşdırmaq, eləcə də keçmiş məhkumların cəmiyyətə inteqrasiyası üçün müəyyən dövlət proqramları və tədbirlər həyata keçirilməkdədir. Lakin cəmiyyətdə keçmiş məhkumlara qarşı mənfi münasibət hələ də mövcuddur. Odur ki, keçmiş məhkumun həyata inteqrasiyası üzərində düşünürüksə, təkcə onlarla işləməməliyik, eyni zamanda, cəmiyyətlə, onun tərkib hissəsi olan işəgötürənlərlə də işləməliyik. Dövlət qurumları, eləcə də özəl sektor daha koordinasiyalı işləməli və müəyyən güzəştlərlə bağlı təşəbbüslər göstərməlidirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti