İnam Kərimov: Demokratik cəmiyyətdə ədalət yalnız bir yerdə və ya bir qurumda cəmlənmir
- 24 oktyabr, 2025
- 10:42
Demokratik cəmiyyətdə ədalət yalnız bir yerdə və ya bir qurumda cəmlənmir.
"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Bakıda Arbitraj Mərkəzinin açılışı ilə bağlı keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
İ.Kərimov qeyd edib ki, məhkəmələr və arbitraj bir-birinə rəqib yox, ədalətin tərəfdaşlarıdır:
"Hər biri fərqli rol oynayır, lakin hər ikisinin məqsədi eynidir – mübahisələri ədalətli şəkildə həll etmək və hüquqları səmərəli qorumaq. Bu gün Azərbaycan regionun aparıcı iqtisadiyyatı kimi tanınır - sabitliyi, uzaqgörənliyi və innovasiyaları ilə fərqlənir. Azərbaycan həm enerji istehsalçısı, həm də Şərqlə Qərbi birləşdirən mühüm ticarət mərkəzinə çevrilib".
Ali Məhkəmənin sədri bildirib ki, bu iqtisadi inkişafla yanaşı, biznes və investisiya münasibətləri də mürəkkəbləşir:
"Buna görə arbitraj Azərbaycanın inkişafı üçün zərurətə çevrilib. Arbitraj mübahisələrin ədalətli, sürətli və müqavilələrə hörmətlə həllinə imkan yaradır. O, investor etimadını gücləndirir, dayanıqlı inkişafı dəstəkləyir və beynəlxalq əməkdaşlığı təşviq edir. Azərbaycan arbitrajı təşviq edən mühüm beynəlxalq sazişlərin, o cümlədən 1958-ci il Nyu-York Konvensiyasının iştirakçısıdır. Lakin konvensiyaları imzalamaq kifayət deyil. Arbitrajın səmərəli işləməsi üçün güclü institutlar və qanunu ardıcıl və vicdanla tətbiq edən bilikli hakimlər lazımdır".