Günay Əfəndiyeva: Azərbaycanın qələbəsi düşmənə də, beynəlxalq aləmə də tarixi həqiqəti sübut etdi

Daxili siyasət
  • 20 sentyabr, 2025
  • 10:31
Günay Əfəndiyeva: Azərbaycanın qələbəsi düşmənə də, beynəlxalq aləmə də tarixi həqiqəti sübut etdi

Azərbaycanın qələbəsi düşmənə də, beynəlxalq aləmə də tarixi həqiqəti sübut etdi.

Bunu "Report"a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva deyib.

Onun sözlərinə görə, suverenlik Azərbaycan dövləti və xalqı üçün sadəcə siyasi bir anlayış deyil:

"Bu, bizim əsrlərlə qoruduğumuz milli kimliyimiz, sarsılmayan iradəmiz və heç vaxt susmayan haqq səsimizdir. Suverenlik Azərbaycan üçün təkcə dövlət sərhədlərinin hüquqi xəritəsindən ibarət deyil. O, Vətən sevgisinin ən ali ifadəsidir, ordumuzun qüdrəti, ucalan bayrağımızın qürurudur. Torpaqlarımız uğrunda cəsarətlə, igidliklə, mərdliklə savaşan qəhrəman şəhidlərimizin bizlərə və nəsillərimizə əmanətidir".

G.Əfəndiyeva bildirib ki, suverenlik Azərbaycanın uzun illəri əhatə edən mübarizəsinin, əzminin və böyük ustalıqla atılmış siyasi addımlarının nəticəsidir:

"Biz faciələrdən, soyqırımılardan, didərginlikdən, susqun dünya birliyinin biganəliyindən keçərək onu əldə etdik. Ölkəmiz bu yolda ağır sınaqlarla üz-üzə qaldı. Otuz ilə yaxın bir müddətdə beynəlxalq təşkilatların səssizliyi, ədalətsiz qərarlar, ikili standartlar, qərəzli yanaşmalar ilə mübarizə apardıq. Ədaləti bərqərar edəcəyimiz, torpaqlarımızı azad edəcəyimiz günü gözlədik".

Günay Əfəndiyeva

Milli Məclisin üzvü vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq bütün gücünü ortaya qoydu:

"Ön cəbhədə, arxa cəbhədə, informasiya cəbhəsində hər kəs öz sahəsində əlindən gələn nə varsa, onu etdi. Kiminin qələmi vardı, yazdı. Kimin silahı vardı, döyüşdü. Kimin duası vardı, əllərini göylərə açdı. Xalq bir oldu, bütöv oldu, gücünü birləşdirdi və Azərbaycan zəfər qazandı. Qələbəmiz düşmənə də, beynəlxalq aləmə də tarixi həqiqəti sübut etdi. Bu torpaqların gerçək sahiblərinin, əzəli sakinlərinin kim olduğu nümayiş etdirildi".

G.Əfəndiyeva söyləyib ki, müharibədən sonra atılan hər bir addım suverenliyin bərqərar olunmasına xidmət etdi:

"Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması, antiterror tədbirləri ilə konstitusiya quruluşunun bərpası, illərdir saxta status altında mövcud olan qondarma rejimin tarix səhnəsindən silinməsi Azərbaycanın tam suveren dövlət kimi öz ərazisində ali hakimiyyətini təmin etməsi idi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi 23 saatlıq antiterror əməliyyatı ilə ikiyüzillik ədalətsizlik sona yetdi. Prezidentin imzaladığı Sərəncamla 20 sentyabr – Dövlət Suverenliyi Günü və eyni zamanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi ölkəmizin təqvimində əbədi yerini tutdu".

Son xəbərlər

Bütün Xəbər Lenti