Füzuli sakini: “Sevincimin həddi-hüdudu yoxdur”
- 18 yanvar, 2024
- 03:06
“Sevincimin həddi-hüdudu yoxdur”.
“Report” xəbər verir ki, bunu keçmiş məcburi sakin, Füzuli sakini Mübariz Məmmədov jurnalistlərə deyib.
“Otuz bir il sonra doğma yurdumuza qayıdırıq. Allah cənab Prezidentimiz İlham Əliyevin canını sağ eləsin! Minnətdarıq ki, bu hissi bizə yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”, - M.Məmmədov əlavə edib.
“Mən Füzuli rayonunda yaşayırdım. Təəssüf ki, müharibə zamanı doğma yurdumu tərk etməli oldum. Rəngsazam, gedib işimi orda davam etdirəcəyəm. Orda inşa edilən yeni evləri gördük, çox gözəl tikilib. Prezidentimizə minnətdaram ki, bu sevinc hislərini bizə yaşadır.
Füzulini ata-anamla tərk etmişdim. Amma onların hər ikisini itirdim. İndi Füzuliyə ailəmlə qayıdıram”, - Füzuli sakini qeyd edib.
Qeyd edək ki, azad olunan ərazilərə bu ilin ilk köçü başlayıb. Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən ilk köç yenidən qurulan Füzuli şəhərinədir.
Belə ki, bu gün daha 30 ailə (127 nəfər) Füzuliyə yola salınıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Azərbaycan Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Beləliklə, Füzuli şəhərinə köçürülən ailələrin sayı 410-a (1 519 nəfərə-red) çatıb.