Əliməmməd Nuriyev: Ədəbi dilin pozulmasına qarşı ictimai maarifləndirmə kampaniyaları aparılmalıdır
- 06 noyabr, 2025
- 10:54
Ədəbi dilin, orfoqrafiya qaydalarının pozulmasına qarşı ictimai maarifləndirmə kampaniyaları aparılmalıdır.
"Report" xəbər verir ki, bunu "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Qərbi Azərbaycana Qayıdış" mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev AMEA-dakı çıxışında ana dilinin saflığının, təmizliyinin qorunması məsələsini bir daha qaldırıb:
"Dövlət başçısı Azərbaycan dilində əzəli bir kəlmənin dəyişdirilməsini ya səhv, ya da təxribat kimi dəyərləndirdi, bu istiqamətdə bütün ictimai fəalları, ictimaiyyəti bir nöqtəyə vurmağa çağırdı. Əgər dövlətin ərazi bütövlüyü onun sərhədləri ilə ölçülürsə, milli kimliyin bütövlüyü də ilk növbədə dilin saflığı və işləkliyi ilə müəyyən olunur. Tarix sübut edib ki, bir xalqı məhv etmək üçün onun dilini sıradan çıxarmaq kifayətdir. Dilin məhv olması millətin şüurunda boşluq yaradır, kollektiv yaddaşı silir, tarixi əlaqə zəncirini qırır. Coğrafi sərhədləri ordu qoruyursa, mənəvi sərhədləri də dil qoruyur. Onu qorumaq isə həm vətəndaşlıq borcu, həm də strateji məsuliyyətdir".
Ə.Nuriyev bildirib ki, bu istiqamətdə maarifləndirmə aparılmalı, gənc nəsil bu işə cəlb edilməli, monitorinqlər və innovativ təşəbbüslər göstərilməlidir:
"Dövlət orqanları, QHT-lər, akademiya və cəmiyyət arasında əlaqələr daha da genişləndirilməlidir. Gənc nəsil və ana dili təşəbbüsləri irəli sürülməlidir. Azərbaycan dilinin elektron lüğətinin texnoloji bazası ilə bağlı layihə hazırlana bilər. Sosial mediada dil normalarının qorunması üçün bələdçi sistemi yaradıla bilər. Debatlar, müxtəlif müsabiqələr, regional və beynəlxalq təşəbbüslər həyata keçirilməlidir".