Deputat: Vaşinqtonda imzalanan Birgə Bəyannamə Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd hesab edilə bilər
- 09 sentyabr, 2025
- 13:09

Vaşinqtonda Ermənistanla sülh sazişinin paraflanması Azərbaycanın sülh prosesinə yanaşmasındakı prinsipial mövqeyini göstərir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin məharətli diplomatiyası sayəsində Ermənistan Konstitusiyasına dəyişiklik məsələsinin beynəlmiləlləşdirilməsinə nail olundu:
"İndiyə qədər ikitərəfli danışıqlar predmeti olan bu məsələ Vaşinqton Birgə bəyanatında əks olundu. Bu şərt indiki və gələcək Ermənistan hökumətinin qarşısında diplomatik dilin imkan verdiyi qətiyyətlə, "sazişin imzalanması və ratifikasiyası" üçün "əlavə tədbirlərin görülməsi"nə "ehtiyac/zərurət" kimi qoyuldu.
Həmçinin, Vaşinqton Birgə bəyanatında Prezident İlham Əliyevin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan eksklavı arasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipial mövqeyi də əksini tapıb. Bu mənada Vaşinqton Birgə bəyanatını Zəngəzur dəhlizinə dair ilk beynəlxalq sənəd də hesab etmək olar".
Deputatın fikrincə, Avropa İttifaqının "Global Gateway" təşəbbüsü müəyyən mənada Çinin "Bir Kəmər, Bir Yol" layihəsinə alternativ kimi təqdim olunsa da, Orta Dəhliz və onun vacib seqmenti olan Zəngəzur dəhlizi hər iki təşəbbüsdə yer alan tərəflər üçün ortaq maraq nöqtəsinə çevrilə bilər:
"Bu maraqların Azərbaycanın diplomatik səyləri ilə məhz "vin-vin" yanaşma çərçivəsində uzlaşdırılması mümkündür.
Vaşinqton sənədində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıyır. Əsas hüquqi məqam odur ki, bu tanıma keçmiş sovet ölkələri arasındakı inzibati sərhədlərin müstəqil dövlətlərin beynəlxalq sərhədləri kimi qəbul olunması prinsipinə əsaslanır. Bu isə Ermənistan hökumətinin əvvəllər irəli sürdüyü "Dağlıq Qarabağın statusu" və ərazi iddialarının beynəlxalq hüquqa zidd olduğunu təsdiqləyir.
Beləliklə, Qarabağın həm sovet, həm də müstəqillik dövründə Azərbaycanın ərazisi olması faktı Ermənistan tərəfindən beynəlxalq sənədlə rəsmən qəbul edilir. Saziş, eyni zamanda, indiki və gələcək ərazi iddialarından imtinanı ehtiva edir.
Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin liderliyinin, strateji baxışının və diplomatik məharətinin qlobal miqyasda təqdir edilməsidir".