Deputat: Amnistiya təşəbbüsü yüksək mənəvi dəyərə malik siyasi mesajdır
- 18 dekabr, 2025
- 11:19
Müstəqil Azərbaycan dövlətinin inkişaf yolu hüquqi dövlətçilik, milli maraqlara sədaqət və humanizm prinsiplərinin vəhdəti üzərində formalaşıb. Bu inkişaf xəttinin ideya əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə müasir çağırışlara uyğun şəkildə ardıcıl olaraq davam etdirilir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Onun sözlərinə görə, 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunması bu siyasi xəttin məntiqi davamı olmaqla yanaşı, dövlətçiliyin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsinə xidmət edir:
"Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçilik modelimizin təməlini təşkil edir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu bu ali hüquqi sənəd insan hüquq və azadlıqlarının təminatını, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu əsas prioritet kimi müəyyənləşdirmişdir. Konstitusiyanın ruhunda əks olunan humanizm və sosial ədalət prinsipləri bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində konkret qərar və təşəbbüslərlə öz təsdiqini tapır.
Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mərkəzində insan amili dayanır. Sosial rifahın yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, hüquq və azadlıqların qorunması dövlət idarəçiliyinin əsas istiqamətləri kimi müəyyən olunub. Bu yanaşma cinayət-hüquq siyasətində də aydın şəkildə müşahidə edilir. Azərbaycan dövləti cəzanı yalnız cəzalandırma mexanizmi kimi deyil, eyni zamanda islah və tərbiyə vasitəsi kimi qəbul edir. Məhz bu humanist dövlət siyasətinin parlaq təzahürü olaraq Prezident İlham Əliyev 2025-ci il 15 dekabr tarixində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs suverenliyimizin tam bərpa olunduğu, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edildiyi bir tarixi mərhələdə irəli sürülmüşdür".
Deputat əlavə edib ki, dövlət başçısı bu qərarı ilə həm hüquqi dövlət prinsipinə sadiqliyini, həm də mərhəmət və humanizm ənənələrinə bağlılığını nümayiş etdirmişdir. Amnistiya aktının layihəsinə əsasən, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər bu humanist addımdan yararlanacaqlar:
"Vətən müharibəsi və 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirlərində iştirak edən şəxslər, eləcə də bu əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları amnistiyanın əsas ünvan sahibləridir. Bu yanaşma dövlətin öz qəhrəmanlarına və onların ailələrinə verdiyi yüksək dəyərin göstəricisidir".
Ş.Seyidzadə vurğulayıb ki, Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, həm də yüksək mənəvi dəyərə malik siyasi mesajdır. Bu qərar güclü dövlətin eyni zamanda mərhəmətli və ədalətli olduğunu bir daha təsdiqləyir.