Deputat: 20 oktyabr Zəngilan əhalisi üçün tarixə ümid və qürur günü kimi yazılıb

Daxili siyasət
  • 19 oktyabr, 2025
  • 16:01
Deputat: 20 oktyabr Zəngilan əhalisi üçün tarixə ümid və qürur günü kimi yazılıb

2020-ci ilin 20 oktyabrı Zəngilan əhalisi üçün tarixə ümid və qürur günü kimi yazıldı.

Bunu "Report"a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputat hesab edir ki, bu xoş günlər, xalqla dövlətin birliyinin, səbir və iradənin təntənəsidir:

"Zəngilan məcazi mənada Zəngəzura giriş qapısıdır. Bu rayon coğrafi cəhətdən çox əhəmiyyətli strateji ərazidir. Belə ki, TRİPP (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi-red.) yolundan keçəcək dəmiryolu xətti Zəngilandan da keçəcək, beləliklə də, rayonun nəqliyyat infrastrukturuna töhfə verilmiş olacaq".

P.Vəliyeva xatırladıb ki, Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir və ilk pilot layihə çərçivəsində Ağalı kəndində 200 evdən ibarət kənd salınıb.

"Ağalı kəndi ağıllı kənd konsepsiyasının ilk dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. "Ağıllı kənd" layihələri, kənd təsərrüfatı inkişafı, ekoloji tarazlığın qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə atılan addımlar arasında yer alır. Zəngilanın günəş enerjisi potensialı, bu bölgəni "yaşıl enerji" zonasına çevirmək məqsədini güdür", - o bildirib.

Milli Məclisin üzvü qeyd edib ki, Zəngilan şəhərində və kəndlərində elektrik, su, qaz, rabitə kimi əsas infrastrukturlar sıfırdan qurulmağa başlanıb:

"Yeni avtomobil yolları, körpülər və dəmir yolu xətləri inşa olunur, xüsusilə Horadiz–Zəngilan dəmir yolu xətti layihəsi həyata keçirilir. Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci ilin oktyabrında istifadəyə verildi. Bu hava limanı regionun inkişafı və logistik əhəmiyyət baxımından vacib addımdır".

P.Vəliyeva vurğulayıb ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti