Keçmiş məcburi köçkün: Kəndimizdən ötrü çox darıxmışam
- 27 fevral, 2026
- 07:03
Kəndimizdən ötrü çox darıxmışam.
Bu sözləri "Report"a Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Sara Əliyeva deyib.
O, xatırladıb ki, kəndi gənc yaşlarında tərk etməyə məcbur olub: "Kəndimizi məcburi tərk edəndə 22 yaşım vardı. İndi 55 yaşımda qayıdıram. Uzun illər sonra. Çox şadam. Allah Prezidentimizə uzun ömür, can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun.
İnşallah ora sağ-salamat çatarıq, can sağlığı ilə yaşayarıq".
"Torpaqlarımız işğaldan azad olunduqdan sonra Cəbrayılda bir dəfə olmuşam. Çox darıxmışam. Yurd başqa şeydir. Cəbrayıldan 4 övladımla məcburi köçkün düşmüşdüm, indi 8 nəvəmlə qayıdıram", - S.Əliyeva sevincini belə büruzə verib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 118 nəfər, Xocavənd şəhərinə 41 ailə, 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə, 196 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.