Xaçmazda konstitusiya və dövlət suverenliyinə həsr olunmuş regional konfrans keçirilib - YENİLƏNİB

Daxili siyasət
  • 17 oktyabr, 2025
  • 13:49
Xaçmazda konstitusiya və dövlət suverenliyinə həsr olunmuş regional konfrans keçirilib - YENİLƏNİB

Xaçmazda Baş Prokurorluğun təşkilatçılığı ilə "Konstitusiya və Dövlət Suverenliyi: Hüquqi Aspektlər və Çağırışlar" mövzusunda regional konfrans keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşə ilə tanış olublar.

Konfrans başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Dövlət Himni səsləndirilib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev açılış nitqi ilə çıxışında konstitusiya prinsiplərinin müdafiəsində prokurorluğun funksional rolunu açıqlayıb. O bildirib ki, hüquqi dövlətin möhkəmləndirilməsi üçün qanunun aliliyinin təmin olunması və dövlət ittihamçılarının obyektiv mövqedə dayanması əsas prioritetlərdəndir.

Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında rayonda hüquqi maarifləndirmə işlərinin davamlı xarakter aldığını vurğulayıb. O, gənclərin hüquqi şüurunun artırılması və konstitusiya dəyərlərinin aşılanmasının vacibliyini qeyd edib.

Xaçmaz rayon prokuroru Rəşad Məmmədov isə çıxışında prokurorluq orqanlarının dövlət suverenliyinin qorunmasında üzərinə düşən vəzifələrdən danışıb. O bildirib ki, müasir dövrdə hüquqi çağırışlara çevik və adekvat reaksiya vermək üçün prokurorluq orqanlarının peşəkar resursları və institusional imkanları durmadan inkişaf etdirilməlidir.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov öz çıxışında Azərbaycan Ordusunun dövlət suverenliyinin qorunmasında oynadığı rol, informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlər və dezinformasiyalara qarşı mübarizə mexanizmləri barədə ətraflı məlumat verib.

Ardınca I Qarabağ müharibəsi iştirakçısı, Xaçmaz şəhər sakini Sabir Məmmədov 1994-cü il aprelin 9-da Füzuli istiqamətində hərbi hissələrdə müşahidə etdiyi vəziyyətlərə dair xatirələrini bölüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri və ictimaiyyətlə effektiv ünsiyyətin vacibliyi barədə danışıb. O, hüquqi informasiyanın cəmiyyətə düzgün və vaxtında çatdırılmasının dövlətə olan inamın möhkəmləndirilməsində önəmli rol oynadığını qeyd edib.

"Dövlət suverenliyinin və konstitusiya dəyərlərinin qorunmasında medianın rolu" mövzusunda çıxış edən ARB Günəş və ARB Şimal televiziyalarının direktoru Məhsim Məhsimov medianın hüquqi maarifləndirmə və ictimai nəzarət baxımından mühüm vasitə olduğunu qeyd edib. O, jurnalistlərin hüquqi biliklərinin artırılmasının və medianın dövlət orqanları ilə əməkdaşlığının vacibliyini vurğulayıb.

Konfransda I Qarabağ müharibəsi veteranı, Xaçmaz şəhər sakini Sabir Məmmədov da çıxış edərək, 1994-cü il aprelin 9-da Ulu Öndər Heydər Əliyevin Füzuli-Horadiz istiqamətindəki hərbi hissələrdə əsgərlərlə görüşü zamanı onunla şəxsən tanış olduğu unudulmaz xatirələrini bölüşüb. S.Məmmədov həmin tarixi görüşlərin Azərbaycan Ordusunun döyüş ruhunun möhkəmlənməsində və ərazilərin müdafiəsi uğrunda mübarizə əzminin daha da yüksəlməsində müstəsna rol oynadığını xüsusi vurğulayıb.

Tədbir çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gənclər arasında hüquqi şüurun artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.

Konfransın sonunda "Xalqın adamı" adlı sənədli film nümayiş olunub və tədbir iştirakçıları ilə xatirə fotoşəkili çəkilib.

Baş Prokurorluğun təşkilatçılığı ilə oktyabrın 17-də Xaçmazda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Konstitusiya və dövlət suverenliyi: Hüquqi aspektlər və çağırışlar" mövzusunda işgüzar konfrans keçirilir.

"Report"un Şimal bürosunun məlumatına görə, əvvəlcə Xaçmaz Rayon Prokurorluğunda "Açıq qapı" günü və "Milli suverenlik və hüquqi təminatlar: prokurorluğun rolu" adlı seminar təşkil olunub.

Tədbirlərdə Sumqayıt şəhər, Quba, Qubadlı, Qusar, Siyəzən, Şabran, Xaçmaz və Xızı rayon, eləcə də Sumqayıt hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, bölgədə fəaliyyət göstərən media nümayəndələri, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edirlər.

Mühüm tədbirlərdə konstitusiya dəyərlərinin qorunması, dövlət suverenliyinin hüquqi əsasları və müasir çağırışlar barədə müxtəlif mövzularda çıxışlar dinləniləcək, səmərəli müzakirələr aparılacaq.

Tədbir Baş Prokurorluğun təşəbbüsləri çərçivəsində hüquq-mühafizə orqanlarının ictimaiyyətlə əməkdaşlığının gücləndirilməsi və yeni yanaşmaların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti