Bakıda "SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb - YENİLƏNİB
- 24 oktyabr, 2025
- 16:14
Bakıda "SOCGOV 2025: Süni zəka, insan və transformasiya üçün" adlı beynəlxalq konfrans keçirilib.
"Report"un məlumatına görə, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış ediblər.
Daha sonra "Rəqəmsal dövlət və süni intellektlə transformasiya" mövzusunda ilk panel iclası keçirilib. Paneldə Anar Əliyev, Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç, Moldovanın Milli Sosial Sığorta Kassasının baş direktoru Yelena Tsıburne, Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan və Orxan Məmmədov spiker qismində müzakirələr aparıblar.
İkinci panel "Sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik" mövzusuna həsr olunub. Sessiyada Türkiyə Əmək və Sosial Təminat üzrə Təlim və Tədqiqat Mərkəzinin prezidenti Prof. Dr. Elif Gökçearslan, Avropa Sosial Şəbəkəsinin İdarə Heyətinin üzvü Zorana Uzelak Boşnyak, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kommersiya üzrə baş direktoru Salar İmaməliyev, BMT Universitetinin baş tədqiqatçısı Zoran Yordanoski və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkəparov çıxış ediblər.
Üçüncü panel əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzusunda müzakirələrlə davam edib. Norveçin Əmək və Rifah İdarəsinin hüquq üzrə məsləhətçisi Filip Madsen, Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki İş Qurumu Baş İdarəsinin layihə eksperti Eser Erol, "Digital Umbrella" şirkətinin təsisçisi Ulduzə Xəlilova və Qazaxıstan Dövlət Sosial Sığorta Fondunun nümayəndəsi Darin Tolubayev süni intellektin tətbiqi sahəsində təcrübələrini bölüşüblər.
Konfrans işini başa çatdırıb.
Bakıda "SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün" adlı beynəlxalq konfrans keçirilir.
"Report" xəbər verir ki, tədbirdə sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmaları və beynəlxalq təcrübələr paylaşılacaq.
Azərbaycanda ilk dəfə keçirilən "SOCGOV 2025"in təşkilində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir:
Konfransda vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzuları gündəmə gətiriləcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.
Tədbirdə dünyanın 20-dən çox ölkəsindən ümumilikdə 350-dən artıq nümayəndənin iştirakı gözlənilir.