Bakıda ictimai nəzarətin təşviqi imkanları müzakirə edilib
- 08 sentyabr, 2025
- 12:10

"Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi" İctimai Birliyi "İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər" layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirib.
"Report" xəbər verir ki, dinləmədə Milli Məclisin deputatları, dövlət orqanlarının nümayəndələri, ictimai iştirakçılıq və nəzarət məsələləri üzrə ixtisaslaşmış QHT-lərin təmsilçiləri, müstəqil ekspertlər, hüquqşünaslar iştirak ediblər.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı layihənin icrası haqqında məlumat verib.
Qeyd edib ki, layihənin məqsədi regionlarda ictimai fəallar, bələdiyyə üzvləri, dövlət orqanları, QHT nümayəndələri, İctimai Şura üzvləri ilə müzakirələrin təşkili, bölgələrdə ictimai rəy sorğusunun keçirilməsi, Türkiyə təcrübəsinin öyrənilməsi ilə Azərbaycanda ictimai iştirakçılıq təcrübəsi problemlərinin öyrənilməsi, çətinliklərin müəyyən edilməsi və islahatların aparılması üçün bütün maraqlı tərəflərlə razılaşdırılmış tövsiyələrin verilməsidir:
"İctimai iştirakçılıq, ictimai nəzarətlə əlaqədar hərtərəfli diaqnostika, problemlərin aşkarlanması, islahat prioritetlərinin müəyyənləşdirilməsi və tövsiyələrin verilməsi əsas məqsəddir. Bu layihə həmçinin hazırda ciddi islahatlara zərurət olan ictimai iştirakçılıq, ictimai nəzarət sahəsində pozitiv dəyişikliklərə yol açmaq, yeni ideyalar vermək, yanaşmanı dəyişmək üçün çoxtərəfli səyləri əks etdirir. Bu yalnız "Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi" İB-in rəyi deyil, regionlarda fəaliyyət göstərən onlarla təşkilat, ictimai fəallar, dövlət orqanlarının gələcəyə baxışını əks etdirir. Layihənin nəticələri həm elmi-nəzəri aspektdən, həm də praktik baxımdan islahatlar üçün tövsiyələr təklif edirlər. Bu tövsiyələr reallığın analizi, iştirakçılarla müzakirələr, Türkiyə təcrübəsinin yerində öyrənilməsi ilə ərsəyə gəlib".
Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Azər Allahverənov, Arzuxan Əlizadə, Pərvanə Vəliyeva müzakirələrdə iştirak edərək mövzu, islahatlar, çətinliklərin həlli yolları, yeni ideyalar barədə öz fikirlərini bölüşüblər.
Layihə eksperti Zaur İbrahimli ictimai rəy sorğusunun nəticələrini və əvvəlki dəyirmi masa müzakirələrinin ümumi yekunlarını təqdim edib.
Bildirib ki, 229 respondentin ictimai iştirakçılıq və vətəndaş nəzarəti ilə bağlı rəyi öyrənilib. Sorğunun əsas nəticələri göstərir ki, respondentlər arasında ictimai iştirakçılıqla bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. Onların yalnız 28,4 faizi bu barədə tam məlumatlı olduğunu bildirib. "İctimai iştirakçılıq haqqında" qanunla bağlı isə respondentlərin cəmi 3,5 faizi ətraflı məlumata malikdir. Bu, qanunvericilik sahəsində ciddi bir informasiya boşluğu olduğunu təsdiq edir.
Məlumat mənbələri baxımından rəyi soruşulanlar arasında sosial şəbəkələr (61,1%) dominant rol oynayır. Bu, informasiyanın sürətli yayılmasına kömək etsə də, səthi məzmun və yalnız subyektiv baxış bucağını əks etdirən məlumatlar almaq təhlükəsi yaradır, eləcə də iştirakçılıq haqqında fərqli rəyləri, analizləri oxumaq imkanını məhdudlaşdırır.
Altruistik motivasiya (ictimai maraqların qorunması – 38%) yüksək olsa da, praktik iştirakçılıq olduqca məhduddur. Son iki ildə respondentlərin 66,4 faizi heç bir ictimai tədbirdə iştirak etmədiyini bildirib. İştirakçılığa mane olan əsas səbəblər arasında nəticəyə inamsızlıq (32,8%), qanunvericilik biliyinin olmaması (26,2%) və əlçatanlıq problemləri (22,7%) göstərilib. Vətəndaşlar ən çox dövlət nümayəndələri ilə birbaşa görüşləri (33,6%) üstün tutublar.
Eyni zamanda, vətəndaşların 51,1 faizi dövlət-vətəndaş görüşlərinin intensivləşdirilməsini əsas çıxış yolu kimi qiymətləndirib. İctimai şuraların tanınma səviyyəsi də olduqca aşağıdır: respondentlərin 44,5 faizi az məlumatlı, 32,8 faizi isə heç məlumatı olmadığını bildirib. Bu, institusional etimadsızlığın əsas səbəblərindən biri kimi qiymətləndirilib.