Azərbaycan Konstitusiyası islahatlarla sabitliyin, inkişafın təminatına çevrilib - RƏY
- 12 noyabr, 2025
- 16:55
Azərbaycan Konstitusiyası dövlətin sabitliyinin, suverenliyinin və vətəndaş həmrəyliyinin hüquqi təminatıdır.
Bunu "Report"a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, konstitusiyanın qəbulu Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra öz milli dövlət quruculuğunu hüquqi əsaslar üzərində formalaşdırmasının parlaq göstəricisidir.
Deputat vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixində Konstitusiyanın qəbul edilməsi və onun inkişaf etdirilməsi prosesi Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşıb:
"Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan layihə ictimai müzakirəyə çıxarılıb, xalqın təklifləri nəzərə alınıb və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilib. Bu sənəd Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsini yaratdı, müstəqilliyin dönməzliyini təsbit etdi və xalqın iradəsini ifadə edən ilk demokratik Konstitusiya kimi tarixə düşdü".
Onun sözlərinə görə, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın müddəalarının daha da təkmilləşdirilməsi, müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilib:
"Konstitusiyaya bir neçə dəfə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasını, idarəetmənin səmərəliliyini və dövlətin demokratik dəyərlər üzərində inkişafını təmin etdi. Konstitusiyaya əlavə edilən müddəalar vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, sosial ədalətin və şəffaf idarəetmənin güclənməsinə xidmət etdi. Həmçinin, bu dəyişikliklər dövlət idarəetməsinin müasir tələblərə uyğunlaşdırılmasına yönəldilmişdi".
P. Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin Konstitusiyaya verdiyi bu yeniliklər Azərbaycanın hüquqi-siyasi sisteminin modernləşməsinə, dövlətin idarəçilik strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradıb:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar nəticəsində Konstitusiya həm sabitliyin, həm də inkişafın təminatına çevrilib. Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunudur. Konstitusiya ölkənin siyasi, iqtisadi və sosial sisteminin əsaslarını, dövlət hakimiyyətinin təşkili prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir. Azərbaycan xalqının dövlətçilik iradəsini, azadlıq və ədalət ideallarını əks etdirən, hüquqi dövlətin bünövrəsini qoyan sənəddir.
Konstitusiya həmçinin, vətəndaşların bərabər hüquqlara malik olmasını təmin edir, dövlət hakimiyyətinin xalqın iradəsinə əsaslanaraq həyata keçirilməsini müəyyən edir, hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında səlahiyyət bölgüsünü təsbit edir. Eyni zamanda dövlətin demokratik, hüquqi və dünyəvi xarakterini birmənalı şəkildə təsdiqləyir".