ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib
- 02 dekabr, 2025
- 12:06
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib.
"Report" xəbər verir ki, platformanın əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb:
"ASAN AI Hub Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı zamanı səsləndirdiyi göstərişə uyğun olaraq yaradılıb. Platforma dövlət xidmətləri sektorunu, biznes subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini birləşdirir".
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov sözügedən platformanın Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb:
"Müasir dövrdə süni intellekt əsaslı həllərin hazırlanmasında körpü rolunu oynayır. ASAN AI Hub da iqtisadiyyatımıza öz müsbət töhfəsini verməklə faydasını göstərəcək".
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN AI Hub-ın rəqəmsal transformasiya və elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd edib:
"ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları, özəl sektor, həmçinin universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər".
14 milyonluq icmaya malik olan "GenAI Works" qlobal süni intellekt platformasının Baş direktoru və həmtəsisçisi Stiv Nuri isə "Günümüzdə generativ süni intellekt, 2025" mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süni intellektin tətbiq imkanları haqqında məlumat verib.
Tədbir çərçivəsində ASAN AI Hub ilə "Apolitical", "Breakthrough Social Enterprise" və "GenAI Works" arasında anlaşma memorandumları imzalanıb.
Sonra "Süni intellektdə Açıq İnnovasiya: Hər kəs üçün körpü" adlı panel müzakirəsi keçirilib. "Apolitical" təşkilatının Partnyorluqlar üzrə direktoru Katrin Miller Veberin moderatorluğu ilə keçirilən paneldə açıq innovasiya modelləri, dövlət–özəl sektor əməkdaşlığı, inklüzivlik və məsuliyyət prinsipləri ilə bağlı müzakirələr aparıblar.