"AnewZ" Ruben Vardanyanın maliyyə fırıldaqları haqqında sənədli film hazırlayıb
- 19 dekabr, 2025
- 15:31
"AnewZ" beynəlxalq televiziya kanalı Ruben Vardanyan haqqında sənədli film hazırlayıb.
"Report" xəbər verir ki, telekanal Ruben Vardanyanın maliyyə fırıldaqları və siyasi fəaliyyətindən bəhs edən "The Oligarch's Design" sənədli filmi ilə bağlı mətbuat konfransı keçirir.
Ruben Vardanyan Azərbaycana qarşı ağır cinayətlər törətməkdə ittiham olunur. Sənədli filmdə onun Rusiyanın maliyyə elitasındakı fəaliyyətindən Qarabağdakı siyasi proseslərdə iştirakını əhatə edən yolu ətraflı şəkildə izlənilir.
Filmdə Ruben Vardanyanın "Troyka Laundromat" şirkətindəki fəaliyyətinə xüsusi diqqət yetirilib. Bundan başqa, filmdə onun təsirinin, maliyyə əlaqələrinin və fəaliyyətinin digər aspektləri də işıqlandırılır.
"AnewZ" TV-nin direktoru Rüfət Həmzəyev mətbuat konfransında çıxışı zamanı filmin çəkilişlərinə bu ilin yanvarında başlanıldığını bildirib.
"Biz bu filmi yanvar ayından çəkməyə başladıq. Beynəlxalq standartlara uyğun olaraq araşdırma apardıq. Çəkilişlər səkkiz ölkədə - Azərbaycan, Ermənistan, Ukrayna, ABŞ, İsrail və bir sıra digər ölkələrdə aparılıb. Filmin yaradılması üzərində təxminən 100 nəfər işləyib. Bu gün filmin premyerası olacaq", - o qeyd edib.
Onun sözlərinə görə, çəkilişlər bir neçə istiqamətdə aparılıb. İlk növbədə, söhbət Ruben Vardanyanın müxtəlif təşkilatlar çərçivəsində fəaliyyəti haqqında məlumat verə biləcək insanlardan alınan müsahibələrdən gedir. Xüsusilə, ictimai birliklərindən birinin nümayəndələri ilə müsahibə aparılıb.
"Biz tamaşaçının birtərəfli mövqe qəbul etməsinə çalışmırıq. Məqsədimiz faktları göstərmək və ictimaiyyətə filmi izlədikdən sonra kimin hansı proseslərdə, eləcə də nə dərəcədə iştirak etdiyi barədə müstəqil nəticə çıxarmaq imkanı verməkdir. Filmin əsas mövzularından biri, şübhəsiz ki, Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib Azərbaycana köçmək (Qarabağ bölgəsinə - red.) qərarıdır", - o bildirib.
Filmdə hazırda Xankəndidə yaşayan və baş verən hadisələrin bilavasitə iştirakçısı olan erməniəsilli bir şəxslə müsahibə də yer alıb. O, şahidi olduğu proseslər haqqında ətraflı danışıb.
Rüfət Həmzəyev qeyd edib ki, filmdə açıq mənbələrdə mövcud olan çoxsaylı sənədlər və faktlardan istifadə olunub: "Bundan əlavə, beynəlxalq araşdırmaların hazırlanmasında iştirak edən və ya orada təqdim olunan materialları dərindən öyrənən şəxslərin müsahibələri və analitik şərhləri də yer alıb. Araşdırma prosesi davam edir, ona görə də şəxsən mən fərziyyələrdən qaçmağa və ciddi şəkildə hüquqi və beynəlxalq hüquq çərçivəsində işləməyə çalışıram".
R.Həmzəyevin sözlərinə görə, film üzərində işləyən komandanın tərkibinə hüquqşünaslar da daxil olub: "Məlum olduğu kimi, təqsirsizlik prezumpsiyası prinsipləri və məhkəmə qərarları çıxarılana qədər ifadələrdə məhdudiyyətlər mövcuddur. Eyni zamanda, bir sıra məsələlər üzrə artıq genişmiqyaslı beynəlxalq araşdırmalar aparılıb. Məsələn, aparıcı beynəlxalq istintaq təşkilatları və çoxsaylı ekspertlər tərəfindən araşdırılan "Troyka Laundromat" adlı sxem üzrə araşdırmalar bura daxildir. Bu barədə nəticələr yoxlanılmış faktlara əsaslanır".