Aleksandr Şarovski: Vətən müharibəsindəki qələbə yalnız Prezidentin və xalqın xidmətidir
- 24 sentyabr, 2025
- 13:45

Azərbaycanın Vətən müharibəsində qələbəsi yalnız Prezident İlham Əliyevin və Azərbaycan xalqının xidmətidir.
"Report"un məlumatına görə, bunu Bakı Avropa yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski Anım Gününün 5-ci ildönümünə həsr edilən Qafqaz Müsəlmanları İdarəsi və dini konfessiyaların birgə iclasında bildirib.
A.Şarovski Ermənistanın təcavüzü nəticəsində azərbaycanlıların öz əzəli torpaqlarından zorla qovulduğu tarixin faciəli səhifələrini xatırladıb.
"Biz düşünürdük ki, bir daha öz doğma torpaqlarımızı görməyəcəyik. Nə xoşbəxtlikdir ki, Prezident İlham Əliyevin öz planı, bu məsələnin öz həlli yolu var idi. Azərbaycanın qələbəsi Türkiyənin qələbəsi deyil, İsrailin də qələbəsi deyil. Onlar bizə kömək edirdilər və biz onlara minnətdar olacağıq. Lakin bu, Prezidentimizin və xalqımızın qələbəsidir. Bu gün biz qəhrəmanlıq göstərən, Şuşaya qalxan, bütün şəhərlərimizi, o cümlədən Xankəndini azad edən oğullarımızın qarşısında baş əyməliyik", - o qeyd edib.
O, həmçinin tarixi yaddaşın qorunmasının və gənc nəslə ötürülməsinin vacibliyinə diqqət çəkib: "Unutmaq və geriyə baxmamaq insan təbiətinə xasdır, lakin biz daim yadda saxlamalıyıq ki: 27 sentyabr - Anım Günü - eyni zamanda bizim ümid və təlaş günümüz idi".
Çıxışının sonunda A.Şarovski, rejissoru olduğu Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nümayəndə heyətinin 30 ildən çox əvvəl, regionda vəziyyət gərginləşməyə başladığı zaman Xankəndiyə səfəri ilə bağlı şəxsi xatirələrini bölüşüb.
"Bakı nömrəli avtobusumuz meydana çatanda, bizə hücum etdilər. Əsgərlər bizi əhatə etdi və bizi binaya apardılar. Bizə çirkli əllər uzanır, dəhşətli söyüşlər yağdırırdılar. Mən indiyə qədər belə söyüşlər eşitməmişdim. Halbuki bir az əvvəl teatrımızı orada qəhrəmanlar kimi qarşılamışdılar. Ağlımı itirmək dərəcəsinə gəlmişdim. Necə ola bilər axı? Daha dünən biz dost idik. İndi isə onlar bizi öldürmək istəyirlər. O zaman nümayəndə heyətimizdə olan Mirzə Babayev məni irəli itələdi, özü isə ən sonda girdi. O, bu izdihama bir neçə söz dedi, amma mən onları səsləndirməyəcəm. Lakin o, konsertin sonunda səhnəyə çıxdı və dedi "pəncərələri açın, nəfəsim daralır". Pəncərələri açdılar və o, "Azərbaycan" mahnısını oxumağa başladı. Bizi də belə çıxarırdılar - qarşıda tank, arxada zirehli döyüş maşını. Ağdama çatanda ürəyimiz acı hisslərlə dolu idi", - A.Şarovski xatırladıb.