Ağdam və Xocavənd sakinləri Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüblər

Daxili siyasət
  • 08 may, 2026
  • 06:50
Ağdam və Xocavənd sakinləri Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüblər

Ağdamdan gənclik illərində çıxan sakin 33 ildən sonra doğma yurduna qayıtdığı üçün sevincli idi.

"Report" xəbər verir ki, bunu Ağdam şəhərinə yola salınan Namiq Cabbarov deyib.

"Ağdamdan çıxanda 17-18 yaşım var idi, şükürlər olsun ki, 33 ildən sonra gözəl, doğma Ağdamıma qayıdıram", - o bildirib.

Hazırda Namiq Cabbarov Ağdama beş nəfərdən ibarət ailəsi ilə qayıdıb.

Şövkət Xəlilova da Ağdama qayıdanlar arasında idi: "Necə sevincliyəmsə, fikrimi dilə gətirə bilmirəm. Xocalı soyqırımının gecəsi idi, iki uşağımın əlindən tutub çıxdım. İndi həmin uşaqlarla - nəvəli, nəticəli gedirəm".

Anar Tahirov isə 1992-ci ildə Xocavəndin Qaradağlı kəndindən məcburi köçkün düşüb. "Oradan çıxanda beş yaşım var idi", - Anar Tahirov deyib və əlavə edib ki, uşaqlıqdan ayrı düşdüyü doğma yurduna qayıtmağı səbrsizliklə gözləyir.

Qeyd edək ki, bu gün Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanı yola salınıb.