27 Sentyabr - Anım Günü Şimal bölgəsində qeyd edilib
- 27 sentyabr, 2025
- 14:07

Şimal bölgəsində şəhidlərin xatirəsi ehtiramla yad edilib.
"Report" un Şimal bürosunun məlumatına görə, Quba, Qusar, Siyəzən, Xaçmaz və Şabran rayonlarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
Hər beş rayonda keçirilən tədbirdə yerli icra hakimiyyəti və hüquq- mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər zamanı qeyd olunan rayonların mərkəzində salınmış şəhidlər xiyabanları ziyarət edilib, şəhid büstlərinin önünə gül dəstələri düzülüb.
Həmçinin şəhidlərimizin anım mərasimlərində qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq onların əziz xatirəsi yad edilib.
Tədbirlərdə çıxış edən rayon rəhbərləri, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulayıblar.
Daha sonra şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Səhər saatlarından başlayan ziyarət rayon ictimayyəti tərəfindən günün sonunadək davam etdirilib.
