Yalçın Rəfiyev UNESCO-nun iqlim konfransında iştirak edib - YENİLƏNİB
- 22 oktyabr, 2025
- 17:12

UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında "Bakıdan Belemə: Dayanıqlı və Maariflənmiş Cəmiyyətlərə Doğru İqlim Fəaliyyəti" adlı yüksək səviyyəli tədbir keçirilib.
"Report" XİN-in məlumatına istinadən xəbər verir ki, tədbirin açılış sessiyasında Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, eləcə də UNESCO-nun baş direktorunun müavinləri Lidiya Artur Brito və Taufik Celassi çıxış ediblər.
Nazir müavini Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi zamanı əldə etdiyi əsas nəticələr və Azərbaycanın iqlim diplomatiyasında rolu haqqında danışıb. İqlim dəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsas rolunu vurğulayıb.
Y.Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı Yeni İqlim Maliyyə Məqsədi (NCQG), Bakıdan Belemə Yol Xəritəsi (1.3T), Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbon bazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlıqların gücləndirilməsi; İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması, eləcə də COP29 sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslər kimi bir sıra mühüm irəliləyişlərlə yadda qalıb.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində və ondan sonra da regional və qlobal tərəfdaşlarla sıx əməkdaşlıqda iqlim fəaliyyətini gücləndirmək, elmi əsaslı və ədalətli iqlim keçidinə töhfə vermək niyyətində olduğu vurğulanıb.
UNESCO Baş direktorunun müavinləri COP29-un tarixi nəticələrinə vurğu edərək Azərbaycanın COP29 çərçivəsində və sonrakı dövrdə iqlim dəyişikliyi və UNESCO gündəliyində olan mövzular arasında sinerjinin qurulmasındakı dəstəyinə görə təşəkkür ediblər.
Yalçın Rəfiyev Parisə səfəri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və COP29 sədrliyinin enerji təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, İnkişaf Etməkdə olan Kiçik Ada dövlətlərinin (SİDS) və bir qrup digər ölkələrin UNESCO yanında Daimi Nümayəndələri ilə işçi nahar formatında görüş keçirilib. Görüş zamanı Azərbaycanın COP29 sədrliyinin nailiyyətləri, iqlim dəyişmələrinin SİDS ölkələrinə təsirləri, ölkəmizin SİDS ölkələrinə göstərdiyi davamlı dəstək kimi məsələlər barədə danışılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev oktyabrın 22-də UNESCO-nun "Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və dayanıqlı cəmiyyətlərin qurulması" adlı konfransında iştirak edib.
"Report" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında yazılıb.
Bildirilib ki, baş danışıqçı konfransda çıxışı zamanı elmi tədqiqatlar və təhsil proqramları vasitəsilə qlobal iqlimə davamlılığın artırılması məqsədilə Azərbaycanın UNESCO ilə tərəfdaşlığını vurğulayıb və bu ölkənin qlobal davamlılıq səylərinə rəhbərlik etməkdə öhdəliyini bir daha təsdiqləyib.
COP29 Lead Negotiator @YalchinRafiyev today participated in the @UNESCO conference "From Baku to Belém: Building Informed and Sustainable Societies for Climate Action". Speaking at conference, the Lead Negotiator highlighted Azerbaijan's partnership with UNESCO to improve global… pic.twitter.com/LnFBjgsCC8
— COP29 Azerbaijan (@COP29_AZ) October 22, 2025