Braziliya səfiri: Prezident İlham Əliyevin COP30-da iştirakını gözləyirik
- 30 sentyabr, 2025
- 13:21

Hazırda Azərbaycanla Braziliya arasında münasibətlər ən yüksək mərhələdədir.
Bunu "Report"a açıqlamasında Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər müxtəlif sahələr üzrə həmişə yaxşı olub:
"Düşünürəm ki, bunun bir hissəsi COP29 və COP30-un ardıcıl keçirilməsindən irəli gəlir. Bu, yalnız çoxtərəfli sahədə deyil, həm də ikitərəfli sahədə misli görünməmiş koordinasiya səviyyəsini təşviq edib".
Səfir bildirib ki, Braziliya COP30 çərçivəsində Azərbaycanla birlikdə illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar məsələsinə xüsusi diqqət yetirir:
"Eyni zamanda, Bakı-Belem körpüsü altında 1,3 trilyon dollarlıq təşəbbüsü reallaşdırmaq üçün kollektiv səy göstərir. Bu təşəbbüs, əlbəttə, bizi bir araya gətirib. Biz Prezident İlham Əliyevin COP30-da iştirakını gözləyirik".