Yerli dondurmadan regional brendə uzanan yol

Biznes
  • 22 dekabr, 2025
  • 12:32
Yerli dondurmadan regional brendə uzanan yol

Azərbaycanın iqtisadi inkişaf siyasətində qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi əsas istiqamətlərdəndir. Sahibkarlara dövlət tərəfindən verilən dəstək, vergi və gömrük güzəştləri, ixracın təşviqi və innovativ yanaşmalar bu sahədə nəzərəçarpan dinamika yaradıb. Qeyri-neft ixracının artmasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO xüsusi əhəmiyyət daşıyır. Agentlik ixrac missiyalarının təşkili, "Made in Azerbaijan" brendinin təbliği vasitəsilə yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarını artırır. Belə əlverişli biznes mühiti və dövlət dəstəyi sayəsində bir çox yerli şirkətlər beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Bu uğurlu nümunələrdən biri də "Camal LTD"dir.

1998-ci ildən fəaliyyət göstərən "Camal LTD" bu gün təkcə Azərbaycanda deyil, bütün regionda etibarlı və innovativ dondurma istehsalçısı kimi tanınır. Bir zamanlar kiçik sexdə istehsal olunan "ICELAND" dondurmaları bu gün dünyanın müxtəlif ölkələrində böyük maraqla istehlak olunur. İlk illərdə müəssisə əsasən Türkiyə istehsalı olan avadanlıq və texnologiyalardan istifadə etsə də, bazarın sürətli inkişafı və artan tələbat şirkəti daha müasir həllər axtarmağa sövq edib. Sonrakı mərhələdə Avropanın aparıcı istehsalçılarından gətirilən avadanlıqlar sayəsində istehsal prosesi tam yenilənib və şirkətin rəqabət gücü əhəmiyyətli dərəcədə artıb.

2012-ci ildə kimyəvi-mikrobioloji laboratoriyanın yaradılması məhsul keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm rol oynayıb. Bu yenilik "Camal LTD"yə həm daxili bazarda etibarlı tərəfdaş imici qazandırıb, həm də beynəlxalq əməkdaşlıqlarda mövqeyini möhkəmləndirib.

Premium seqmentə aid "SEVGİ" brendinin portfelə daxil edilməsi isə "ICELAND" xəttini daha da zənginləşdirərək istehlakçılara daha geniş və fərqli seçim imkanı təqdim edib.

Bu gün şirkət 100-dən çox çeşiddə dondurma istehsal edir və hər bir məhsul yüksək keyfiyyət, balanslaşdırılmış dad və müasir texnologiyaların vəhdətini özündə əks etdirir.

2019-cu ildən "Camal LTD" genişmiqyaslı ixraca başlayaraq Azərbaycanın bu sahədə ilk aparıcı şirkətlərindən birinə çevrilib. İraqla başlayan ixrac xəritəsi qısa müddətdə Türkiyə, Gürcüstan, Fələstin, Türkmənistan, İsrail və hətta Afrika qitəsinin uzaq nöqtələrindən biri olan Fil Dişi Sahilinədək genişlənib. Xüsusilə Afrika bazarına "door-to-door" prinsipi ilə, tam temperatur nəzarəti altında məhsul çatdırılması şirkətin texnoloji üstünlüyünü aydın şəkildə göstərir.

COVID-19 pandemiyasının yaratdığı qlobal çətinliklər belə inkişaf tempini ləngitməyib. Əksinə, bu dövrdə şirkət ixrac fəaliyyətini genişləndirərək Suriya, Fələstin, İsrail və Türkmənistan kimi yeni bazarlara daxil olub. Dondurma məhsulları ilə yanaşı, Gürcüstan bazarına dondurma vaflisinin ixracına başlanması məhsul portfelinin daha da zənginləşdirilməsinə imkan yaradıb.

2025-ci ildən etibarən "Camal LTD" daha iddialı hədəflərlə yeni bazarlara çıxır. Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistana ixracın başlanması, həmçinin Gürcüstan bazarı üçün özəl marka (P/L) dondurmalarının istehsalı şirkətin innovativ yanaşmasını və artan rəqabət gücünü təsdiqləyir. Son illərdə AZPROMO-nun dəstəyi ilə Türkiyə, Səudiyyə Ərəbistanı və Misirdə keçirilən beynəlxalq sərgilərdə iştirak isə brendin qlobal tanıtımına mühüm töhfə verib.

Bu gün "ICELAND" dondurmaları təkcə ölkə daxilində güclü mövqeyə sahib deyil, həm də dünyanın müxtəlif qitələrində Azərbaycanı layiqincə təmsil edir. Şirkətin əsas hədəfi istehlakçıları yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun məhsullarla təmin etmək və "ICELAND" brendini qlobal bazarda Azərbaycan istehsalının nümunəvi siması kimi tanıtmaqdır.

Son xəbərlər

Bütün Xəbər Lenti