Yerli brend qlobal arenada

Biznes
  • 18 dekabr, 2025
  • 15:08
Yerli brend qlobal arenada

Son illər ərzində Azərbaycanın iqtisadi inkişaf strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslər nəticəsində ölkənin qeyri-neft sektoru sürətlə inkişaf edərək milli iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevrilib. Dövlətin göstərdiyi dəstək, vergi və maliyyə güzəştləri ilə yanaşı, inzibati prosedurların sadələşdirilməsi iqtisadiyyatın diversifikasiyasını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu müsbət dəyişikliklərə uyğun olaraq, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO "Made in Azerbaijan" brendini dünyaya tanıdaraq, ixrac missiyaları təşkil edir və yerli istehsalçıların beynəlxalq bazarlara çıxışını dəstəkləyərək mühüm bir rol oynayır. Belə təşəbbüslər sayəsində yerli sahibkarlar ölkənin qeyri-neft ixracını artıraraq Azərbaycan iqtisadiyyatına öz töhfələrini verir.

Naxçıvan şəhərində fəaliyyət göstərən "Enna" MMC Azərbaycanın içki sənayesində nisbətən yeni olsa da, qısa zaman ərzində uğurlu inkişaf yolu keçib. "Cahan Holdinq"in tərkibində fəaliyyət göstərən bu müəssisə yerli bazarda güclü mövqe qazanmaqla yanaşı, qlobal arenada da tanınan milli brendə çevrilməyi qarşısına məqsəd qoyub. Şirkət rəsmi olaraq 2009-cu ildə təsis edilsə də, içki istehsal xətti 2022-ci ildən etibarən fəaliyyət göstərməyə başlayıb. Qısa zamanda Qafqaz regionunun ən iri enerji və sərinləşdirici içki istehsalçılarından birinə çevrilən zavod Almaniyanın aparıcı brendinə məxsus müasir avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlar sayəsində istehsal prosesi tam avtomatlaşdırılıb, insan müdaxiləsi minimuma endirilib və Yaxşı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartları əsasında idarə olunur. Zavod saatda 40 min, il ərzində isə 230-250 milyon banka içki istehsal etmə gücünə malikdir.

"Enna"nın məhsul çeşidi müxtəlif dadlarda və tərkiblərdə istehsal olunan sərinləşdirici, vitaminlərlə zənginləşdirilmiş və enerji içkilərini əhatə edir. Müəssisə istehsal prosesində dad balansına, keyfiyyətə və təbii tərkibə xüsusi önəm verir. İçkilərin hazırlanmasında istifadə olunan su Naxçıvanın təmiz təbii su mənbələrindən götürülür və bu da məhsulların orijinallığını və yüksək keyfiyyətini təmin edir.

2024-cü ildən etibarən "Enna" fəaliyyətini beynəlxalq istiqamətdə də genişləndirib. Şirkət artıq Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan və ABŞ kimi ölkələrə məhsul ixrac edir. İxrac prosesi istehsaldan qablaşdırmaya, laborator testlərdən gömrük prosedurlarına qədər bütün mərhələlərdə yüksək keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirilir. AZPROMO-nun dəstəyi ilə şirkət həmçinin beynəlxalq sərgirlərdə məhsullarını tanıdır.

"Enna" Naxçıvanın təbii resurslarını və yerli potensialını səmərəli şəkildə birləşdirərək, Azərbaycanın içki sənayesində müasir yanaşmanın, milli keyfiyyətin və innovativ düşüncənin simvoluna çevrilib. Qısa zaman ərzində qazandığı nailiyyətlər "Enna"nı təkcə yerli bazarda deyil, beynəlxalq arenada da "Made in Azerbaijan" brendini layiqincə təmsil edən uğur hekayəsinə çevirib.

Son xəbərlər

Bütün Xəbər Lenti