Xamis Seyranov: "Yanacaqdoldurma məntəqələrində ölçmələrin dəqiqliyi nəzarətdədir" - MÜSAHİBƏ
- 22 oktyabr, 2025
- 13:22

Azərbaycan iqtisadiyyatında dəqiq ölçmələrin aparılması, istehlakçı hüquqlarının qorunması və beynəlxalq standartlara uyğunluğun təmin olunmasında metrologiyanın rolu əvəzsizdir. Ölkədə bu missiyanı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutu (AzMİ) həyata keçirir. Dövlət etalonlarının qorunmasından tutmuş yanacaqdoldurma məntəqələrindəki ölçmə cihazlarının dəqiqliyinə nəzarətə, yeni laboratoriyaların istifadəyə verilməsindən sahibkarların işini asanlaşdıran rəqəmsal xidmətlərə qədər bir çox sahə institutun diqqət mərkəzindədir.
AzMİ-nin baş direktoru Xamis Seyranov "Report"a müsahibəsində hazırda mövcud olan dövlət etalonları, laboratoriya infrastrukturunun genişləndirilməsi, sahibkar dostu xidmətlər, regionlarda mobil kalibrlənmə imkanları, eləcə də iqlim dəyişikliklərinin metrologiya sahəsinə təsirləri barədə ətraflı məlumat verib:
- AzMİ dövlət etalonlarının saxlayıcısıdır. Ölkədə hansı dövlət etalonları mövcuddur və onlardan nə məqsədlə istifadə olunur?
- Bəli, sizin qeyd etdiniz kimi, dövlət kəmiyyət vahidi etalonlarının əldə olunmasını, qorunub-saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini AzMİ həyata keçirir. Bu etalonlar AzMİ-də beynəlxalq standartlara uyğun qaydada saxlanılır və qorunur.
Hazırda AzMİ-nin balansında 17 dövlət ilkin kəmiyyət vahidi etalonu, 14 dövlət kəmiyyət vahidi etalonu mövcuddur. Bunlara kütlə (2), təzyiq (1), sıxlıq (2), kinematik özlülük (2), elektrik (1), temperatur (18), vaxt və tezlik (1), ionlaşdırıcı şüalanma (2), radioaktivlik (1) və radonun havada həcm aktivlik vahidlərinin ölçülməsi (1) üzrə etalonlar daxildir. Etalonlar xüsusi laboratoriyalarda yerləşdirilir, xarici təsirlərdən qorunur və onların beynəlxalq səviyyədə metroloji izlənilməsi təmin edilir. Belə ki, ölkəmizdə ölçmələrin ən yüksək dəqiqliklə aparılması dövlət ilkin kəmiyyət vahidi etalonları vasitəsilə həyata keçirilir. Dövlət ilkin kəmiyyət vahidi etalonlarından əldə edilən dəqiqlik, xüsusi kalibrlənmə və yoxlanılma prosesləri ilə kəmiyyət vahidi etalonlarına, oradan isə müxtəlif sahələrdə istifadə olunan ölçmə vasitələrinə ötürülür. Beləliklə, aparılan bütün ölçmələrin nəticələrinin dəqiqliyi, etibarlılığı və beynəlxalq tələblərə uyğunluğu təmin edilir.
- AzMİ laboratoriya infrastrukturunun təkmilləşdirilməsi istiqamətində hansı işlər görür və bu tədbirlər ölkədə istifadə olunan ölçmə vasitələrinin dəqiqliyinə necə töhfə verəcək?
- "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında AzMİ-də 20 yeni laboratoriya şəbəkəsinin qurulması və 7 mövcud laboratoriyanın təkmilləşdirilməsi nəzərdə tutulub. Bu layihəyə əsasən, 2024-cü ildə həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə 5 laboratoriya açılıb. Bu il sentyabrın 10-da isə daha 7 yeni laboratoriya - fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənməsi və ilkin nəmlik ölçmələri laboratoriyaları istifadəyə verilib. Bundan əlavə, 2026-cı ildə 8 yeni laboratoriyanın qurulması planlaşdırılır.

AzMİ-də yeni yaradılan laboratoriyalar sənaye, səhiyyə, qida təhlükəsizliyi, aviasiya və ekologiya sahələrində istifadə olunan ölçmə vasitələrinin daha dəqiq və təhlükəsiz istifadəsinə mühüm töhfələr verəcək. Belə ki, yeni yaradılan laboratoriyalarda işıq şiddəti, işıqlanma, işıq seli, dalğa uzunluğu, uzunluq və bucaq ölçmələri, sərtlik və qüvvə ölçmə vasitələrinin kalibrlənməsi ilə yanaşı, elektromaqnit çirklənmənin və nəmlik səviyyəsinin dəqiq ölçülməsi həyata keçiriləcək.
Bu infrastruktur ölkəmizdə ölçmə və kalibrlənmə imkanlarının artırılması, beynəlxalq izlənilmə zəncirinin təmin edilməsi, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin elmi-tədqiqat və istehsal proseslərində dəqiqliyin nail olunmasına şərait yaradacaq.
- Yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının ölçülməsi üçün istifadə olunan qurğuların metroloji tələblərə uyğunluğunun yoxlanılması zamanı AzMİ hansı işləri həyata keçirir?
- Benzin və dizel satışı zamanı istifadə olunan ölçmə vasitələrinin (yanacaqpaylayıcı kolonkalar) dəqiqliyi istehlakçıların maraqlarına birbaşa təsir göstərir və bu sahədə etibarlılığın təmin olunması olduqca mühümdür.
Müəssisələrin müraciətləri əsasında yanacaqdoldurma məntəqələrindəki bu qurğular il ərzində bir dəfə müvafiq qanunvericiliyə ("Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun, "Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı və s.) uyğun qaydada dövri yoxlamadan keçirilməlidir. Bu prosesi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar (UQQ) yerinə yetirir. Öz növbəsində, AzMİ də qeyd olunan UQQ-lərdən biri kimi ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi ilə bağlı fəaliyyət həyata keçirir.

Yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının ölçülməsi üçün istifadə olunan cihazların yoxlanılması zamanı həmin avadanlıqların istifadəyə yararlılığı barədə holoqram yoxlanılmadan keçirilmiş cihazların üzərinə vurulur. Həmçinin yoxlanılmanın yekununda təhvil-təslim aktı ilə sifarişçiyə yoxlama haqqında şəhadətnamə təqdim edilir. Əgər yoxlanılma zamanı hər hansı texniki uyğunsuzluq və ya ölçmə dəqiqliyində xəta qeydə alınarsa, bu zaman qanunvericiliyə əsasən yararsızlıq haqqında bildiriş yazılır.
Hazırda ölçmə vasitələrinin yoxlanılmasına dair müraciətlər Dövlət Agentliyinin yaratdığı "E-keyfiyyet.gov.az" informasiya sistemi üzərindən də qəbul edilir. Təsərrüfat subyektləri sözügedən portal vasitəsilə ölçmə vasitələrinin yoxlanılması ilə bağlı elektron qaydada müraciət edə, həmçinin metroloji xidmətlərlə bağlı bir sıra əməliyyatları onlayn formada həyata keçirə bilərlər. Bildirim ki, ölçmə qurğularının kalibrlənməsi və dövri yoxlanılmasını AzMİ beynəlxalq və yerli standartların tələblərinə uyğun şəkildə aparır.
- Son illərdə "sahibkar dostu" siyasəti çərçivəsində AzMİ xidmətlərini sadələşdirmək üçün hansı addımlar atıb?
- Son illərdə ölkəmizdə sahibkarların işini asanlaşdırmaq, onlara göstərilən dövlət xidmətlərini daha şəffaf və əlçatan etmək məqsədilə "sahibkar dostu" yanaşması ön plandadır. Bu siyasətə uyğun olaraq AzMİ-nin göstərdiyi xidmətlərin sadələşdirilməsi və optimallaşdırılması məqsədilə bir sıra addımlar atılıb.

İlk növbədə, qeyd edim ki, 2024-cü ildən etibarən AzMİ-nin təklif etdiyi metroloji xidmətlərlə bağlı müraciət prosesi bütövlükdə elektronlaşdırılıb. Əvvəllər sahibkarların müraciəti birbaşa və ya e-poçt vasitəsilə qəbul olunurdusa, artıq bu proses "Keyfiyyət informasiya sistemi" (E-keyfiyyet.gov.az) üzərindən tam şəkildə rəqəmsallaşdırılıb. Beləliklə, həm müraciətlərin, həm də müqavilə və digər sənədlərin elektron şəkildə təqdim olunması ilə vaxta və digər resurslara qənaət etmək imkanı yaradılıb. Artıq bütün sənədlər elektron imza ilə imzalanır ki, bu da hüquqi baxımdan etibarlı olmaqla yanaşı, prosesi xeyli sürətləndirir. Bundan əlavə, Keyfiyyət informasiya sistemi vasitəsilə təqdim olunan sənədlərin üzərindəki QR kodu oxutmaqla həmin sənədin həqiqiliyini yoxlamaq mümkündür. Gələcəkdə portal vasitəsilə hər kəs ölçmə vasitələrinin yoxlanılma nəticələri, habelə texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatları və bəyannamələri ilə tanış ola biləcək.
Qeyd olunan yeniliklər vaxt və resurslara qənaət, şəffaflıq, eləcə də məmnunluq səviyyəsinin artırılması baxımından olduqca əhəmiyyətlidir. Gələcəkdə bu sahədə rəqəmsal həllərin daha da genişləndirilməsi nəzərdə tutulur.
- AzMİ regionlarda yerləşən sahibkarlar və müəssisələr üçün mobil qaydada kalibrlənmə xidməti göstərirmi? Gələcəkdə bu xidmətin genişləndirilməsi planlaşdırılırmı?
- AzMİ regionlarda yerləşən müəssisələrin müraciətləri əsasında mobil kalibrlənmə xidməti göstərir. Bu sahədə səyyar kütlə laboratoriyası fəaliyyət göstərir və müəssisələrə yerində yoxlanılma və kalibrlənmə xidməti təqdim olunur.
Mobil kalibrlənmə xidməti hazırda bəzi cihaz növlərini və sahələri əhatə edir. Bu baxımdan AzMİ-nin əsas strateji hədəflərindən biri mobil laboratoriya xidmətlərini genişləndirərək tam funksional səyyar kalibrlənmə laboratoriyaları yaratmaqdır. Gələcəkdə mobil laboratoriyalar sayəsində regionlardakı kalibrlənmə ehtiyaclarının yerində və daha çevik şəkildə qarşılanması mümkün olacaq.

Planlaşdırılan yeni səyyar laboratoriyalar, xüsusilə səhiyyə, qida, sənaye və energetika sahələrində fəaliyyət göstərən regional müəssisələr üçün metroloji xidmətlərdən istifadəni asanlaşdıracaq. Bu isə həm vaxt və maliyyə resurslarına qənaət, həm də ölçmələrin dəqiqliyinin daha operativ şəkildə təmin olunması deməkdir.
Ümumiyyətlə, bu təşəbbüs ölkənin regionlarında kalibrlənmə ilə bağlı infrastrukturun genişləndirilməsi, sahibkar məmnunluğunun artırılması və ölçmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından vacib mərhələdir.
- 2024-cü ildə ən çox kalibrlənən ölçmə vasitələrinin növü hansıdır və bu artım əsasən hansı sahələrlə bağlı olub?
- Ötən il AzMİ-də ümumilikdə 1 582 ədəd ölçmə vasitəsi kalibrlənib. Bu, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq artımdır (69 %). Əvvəlki il 936 ədəd ölçmə vasitəsi kalibrlənmişdi.
2024-cü ildə edilən müraciətlər əsasında ən çox kalibrlənən ölçmə vasitələri tibb müəssisələrində, qida sənayesində, həmçinin laboratoriya xidmətləri sahəsində istifadə olunan dozator pipetləri və çəki daşlarıdır. Bundan əlavə, kalibratorlar və müəssisədaxili akkreditə olunmuş laboratoriyalarda istifadə edilən ölçmə vasitələri də ötən il ən çox kalibrlənənlər arasında olub.
Ümumilikdə bu proseslər ölkəmizdə ölçmələrin beynəlxalq standartlara uyğunluğunun təmin olunması, ölçmələrə etimadın artırılması və məhsul keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
- Əhali arasında ölçmə vasitələrinə etimadı artırmaq üçün AzMİ hansı təşəbbüslər göstərir?
- Əhalinin ölçmə vasitələrinə inamını gücləndirmək bizim prioritetlərimizdən biridir. AzMİ olaraq əsas məqsədimiz dövlət və özəl sektorun müxtəlif ölçmələrə olan ehtiyacını qarşılayan metroloji infrastrukturun yaradılması, ölkədə dəqiq və etibarlı ölçmələrin təmin olunması, o cümlədən bu sahədə mövcud olan anlayışların ictimaiyyətə aydın və anlaşıqlı formada ötürülməsidir.

Son illərdə ölçmə vasitələrinə QR kodların əlavə olunması tədbirləri həyata keçirilir. Bu təşəbbüs çərçivəsində "Araz" supermarketlərində yerləşdirilən tərəzilər, "SOCAR Petroleum" QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindəki kolonka qurğular, eləcə də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) terminallarında yoxlanılmış ölçmə vasitələrinin üzərinə QR kodlar yerləşdirilib. Sözügedən QR kodlar vasitəsilə istehlakçılar müvafiq cihazın kalibrlənməsini və yoxlanılmasını təsdiq edən rəsmi şəhadətnamə ilə tanış ola bilirlər. Bu həm şəffaflığı artırır, həm də vətəndaşlarda etibarlılıq hissi yaradır. Beləliklə, vətəndaş ticarət və xidmət sahəsində ölçmələrin rəsmi yoxlanılmaya əsaslanmış dəqiqliyindən əmin olur.
- İqlim dəyişiklikləri və enerji səmərəliliyi ilə bağlı gündəlikdə olan çağırışlar metrologiya sahəsində hansı yeni tələbləri ortaya çıxarır?
- Son illərdə iqlim dəyişiklikləri və enerji səmərəliliyi qlobal gündəmin ən önəmli məsələlərindən birinə çevrilib. Bu çağırışlar metrologiya sahəsində də yeni tələblərin və standartların formalaşmasını qaçılmaz edir.
İlk növbədə, enerjidən istifadə, ona qənaət və ötürülmənin dəqiqliklə ölçülməsi səmərəliliyin təmin olunmasında mühüm amillərdəndir. Bu isə müxtəlif enerji formalarının (qaz, elektrik, bərpa olunan enerji və s.) yüksək dəqiqliklə ölçülməsi üçün yeni ölçmə vasitələrinin hazırlanmasını və onların kalibrlənməsini zəruri edir. Metrologiya sahəsi bu ehtiyacların dəqiq ölçmələrlə qarşılanması üçün yeni standartların yaradılmasını və tətbiqini tələb edir.
Bundan əlavə, iqlim dəyişiklikləri ilə mübarizədə atmosferin, torpağın və suyun monitorinqi də mühüm rol oynayır. Bu istiqamətdə yeni nəsil sensorların, monitorinq sistemlərinin və laboratoriya metodlarının tətbiqi zəruridir. Bu sahədə aparılan ölçmələrin nəticələrinin dəqiqliyini və etibarlılığını metrologiya sahəsində fəaliyyət göstərən akkreditasiya edilmiş laboratoriyalar təmin etməlidir.

İqlim və enerji layihələrində şəffaflıq və izlənəbilənlik mühüm əhəmiyyət daşıyır. Bu tip layihələrdə istifadə olunan ölçmə vasitələrinin nəticələrinin beynəlxalq standartlara uyğunluğu təmin edilməli və bu nəticələr etibarlı şəkildə hazırlanmalıdır.
"Ağıllı şəbəkə" ("Smart grid") sistemlərinin, ağıllı sayğacların və rəqəmsal ölçmələr kimi yeni texnologiyalarının tətbiqi də metrologiya sahəsində yeni yanaşmaların, texniki həllərin formalaşdırılmasını zəruri edir. Bu cihazların kalibrlənməsi və monitorinqi üçün texniki bazanın yaradılması və müvafiq metodikaların hazırlanması vacibdir.
Eyni zamanda metrologiya sahəsində fəaliyyət göstərən laboratoriyalarda aparılan işlərin daha az enerji sərfiyyatı ilə, ekoloji cəhətdən təmiz və davamlı üsullarla həyata keçirilməsi prioritet təşkil etməlidir. Bu yanaşma, dayanıqlı inkişafın bir hissəsi olmaqla yanaşı, eyni zamanda ekoloji məsuliyyətin göstəricisidir.
Nəticədə, iqlim dəyişiklikləri və enerji səmərəliliyi kimi qlobal çağırışlar metrologiya sahəsində daha yüksək dəqiqlik, yeni ölçmə metodlarının tətbiqi, beynəlxalq tələblərə uyğunluq, şəffaflıq və ekoloji məsuliyyət kimi meyarların ön plana çıxmasına səbəb olur. Bu çağırışlara cavab vermək üçün metrologiya qurumları və bu sahədə fəaliyyət göstərən təşkilatlar texnoloji yenilikləri yaxından izləməli, eləcə də beynəlxalq standartlarla uzlaşmanı təmin etməlidirlər.