Vyetnam KOB sahəsində Azərbaycan təcrübəsini öyrənir

Biznes
  • 08 oktyabr, 2025
  • 11:05
Vyetnam KOB sahəsində Azərbaycan təcrübəsini öyrənir

Vyetnam Kiçik və Orta Biznes (KOB) sahəsində Azərbaycan təcrübəsini öyrənir.

"Report" xəbər verir ki, bunu Vyetnam Milli Sahibkarlıq Assosiasiyasının təsisçisi Dinh Viet Hoa II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun ikinci günü çərçivəsində "Qlobal yaşıl keçid diskursunda KOB-ların rolunun artırılması: KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə" mövzusunda panel müzakirəsində bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi Assosiasiyanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığı mövcuddur: "Azərbaycanda KOB-lar sahəsində uğurlu model formalaşıb".

Dinh Viet Hoa əlavə edib ki, bu, onun Bakıya ikinci səfəridir: "Keçən ilin may ayında mən ilk dəfə Vyetnamın yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə bura gəlmişdim. Həmin vaxt ölkə rəhbərimiz də Azərbaycana səfər etmişdi və biz birgə tədbirlər keçirmişdik. Bu, Vyetnam rəhbərinin Azərbaycana ilk səfəri idi. Həmin görüş zamanı 1990-cı ildən bəri davam edən münasibətlərimizi qeyd etdik. Ümumilikdə, Vyetnam və Azərbaycan arasında 60 ildən artıq dostluq əlaqələri mövcuddur. Biz hələ də kommunist ölkəsiyik və Sovet İttifaqı dövründən etibarən Azərbaycanla çox yaxın münasibətlərimiz olub. Məhz buna görə də iki ölkə arasında uzunmüddətli əməkdaşlıq formalaşıb".

Onun sözlərinə görə, əhalisinin sayı 100 milyon nəfər olan Vyetnamda cəmi 940 min şirkət fəaliyyət göstərir və onların əksəriyyəti kiçik müəssisələrdir: "KOB-lar olmadan ölkəmizin inkişafı mümkün deyil. 2025–2030-cu illəri əhatə edən dövrdə məqsədimiz fəaliyyət göstərən müəssisələrin sayını 2 milyona çatdırmaqdır. Hazırda bu göstərici 1 milyondan azdır, yəni növbəti 5 ildə daha 1 milyon yeni şirkət yaradılmalıdır. Bu, təkcə Vyetnamın gəncləri üçün deyil, həm də dünya üzrə investorlar üçün böyük fürsətdir. Biz istəyirik ki, Azərbaycan sahibkarları da Vyetnama gələrək sərmayə qoysun və orada şirkətlər qursunlar".

Son xəbərlər

Bütün Xəbər Lenti