Ticarət Palatası: Almaniya bankları Azərbaycanda daha çox layihəni maliyyələşdirməyə hazırdır

Biznes
  • 07 oktyabr, 2025
  • 18:08
Ticarət Palatası: Almaniya bankları Azərbaycanda daha çox layihəni maliyyələşdirməyə hazırdır

Almaniya bankları Azərbaycanda daha çox layihəni maliyyələşdirməyə hazırdırlar.

"Report"un məlumatına görə, bu barədə Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Narqis Vik (Nargis Wieck) "Almaniya-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025"də bildirib.

Onun sözlərinə görə, tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 40-dan çox şirkət iştirak edib.

"Mən tez-tez özümə sual verirəm ki, dinamik inkişafına baxmayaraq, Almaniya şirkətləri niyə hələ də Azərbaycanın iqtisadi proseslərinə kifayət qədər cəlb olunmayıblar. Almaniya və Azərbaycandakı tərəfdaşlarla söhbətlərdə müxtəlif cavablar aldım. Bir çox Almaniya şirkəti ölkədə baş verən dəyişikliklərdən xəbərdar deyillər, Azərbaycan müəssisələri isə çox vaxt alman texnologiyalarını həddindən artıq bahalı hesab edirlər", - N.Vik qeyd edib.

O əlavə edib ki, hökumət nümayəndələri biznes üçün yaxşılaşdırılmış çərçivə şərtlərini göstərirlər, lakin eyni zamanda alman şirkətlərinin iştirakının hələ də niyə məhdud olduğunu soruşurlar: "Artıq burada işləyən şirkətlər qərar qəbulunun yavaş olduğunu qeyd edirlər. Banklar daha çox layihəni maliyyələşdirmək istəyərlər, lakin həyat qabiliyyəti olan imkanların sayı məhduddur. Almaniya-Azərbaycan Ticarət Palatası olaraq biz ikitərəfli əməkdaşlığı stimullaşdıra biləcək layihələri fəal şəkildə müəyyən edirik. Bugünkü konfrans layihə sahibləri, ixracatçılar və hər iki ölkənin maliyyə qurumları arasında birbaşa əlaqə qura biləcəyi bir platformadır".

N.Vik bildirib ki, Almaniya şirkətləri innovativ texnologiyalar, etibarlı irəliləyiş mexanizmləri təklif edir: "Eyni zamanda, təlim və biliklərin ötürülməsinə investisiya yatırırlar. Bu keyfiyyətlər onları Azərbaycan üçün, xüsusilə iqtisadiyyatın diversifikasiyası və davamlı sənaye inkişafı kontekstində arzu olunan tərəfdaşlara çevirir".

O, həmçinin bildirib ki, Almaniya-Azərbaycan Ticarət Palatası "Germany Trade & Invest" agentliyi ilə birlikdə "Bazar təhlili: Azərbaycan 2025-2026" hesabatını hazırlayıb.

"Bu sənəddə əsas sektorlar üzrə ətraflı məlumat və yerli bazarı daha yaxşı öyrənməyə çalışan şirkətlər üçün tövsiyələr təqdim edilib", - N.Vik qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti