Sloveniyalı nazir: "Azərbaycan rəqəmsal texnologiyalar sahəsində Aİ-nin əsas tərəfdaşı ola bilər" - MÜSAHİBƏ
- 27 oktyabr, 2025
- 13:49
Avropanın mərkəzində və Asiyanın kəsişməsində yerləşən Sloveniya və Azərbaycan bu gün siyasi və mədəni əlaqələri gücləndirməklə yanaşı, həm də iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır. Son illər ticarət dövriyyəsində nəzərəçarpan artım, işgüzar dairələr arasında əlaqələrin fəallaşması və energetika, innovasiyalar və turizm sahələrində birgə təşəbbüslərin inkişafı müşahidə olunur.
Davamlı inkişafa, rəqəmsallaşmaya, "yaşıl texnologiya"lara və Azərbaycanın strateji rol oynadığı Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilir.
Sloveniya Respublikasının iqtisadiyyat, turizm və idman naziri Matyaj Han "Report"a eksklüziv müsahibəsində ikitərəfli tərəfdaşlığın perspektivləri, əməkdaşlığın yeni istiqamətləri və ölkəsinin "yaşıl keçid" potensialı barədə danışıb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz? Bu gün əməkdaşlığın hansı istiqamətləri daha fəal inkişaf edir və sizcə, istifadə olunmamış ən böyük potensial hansı sahələrdədir - ticarət, investisiyalar, innovasiyalar yoxsa sənayedə?
- Sloveniya və Azərbaycan arasında ənənəvi olaraq yaxşı münasibətlər mövcuddur və iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm verilir. Sloveniya sabit və ixracyönümlü iqtisadiyyata malik ölkədir. Burada istehsal edilən mal və xidmətlərin təxminən 85 %-i xarici bazarlara göndərilir. Bu prosesdə kiçik və orta innovativ müəssisələr, həmçinin əczaçılıq, avtomobilqayırma, informasiya və kommunikasiya texnologiyaları, bərpa olunan enerji və kənd təsərrüfatı texnikasının istehsalı kimi sahələrdə uğurla fəaliyyət göstərən iri şirkətlər aparıcı rol oynayır.
Son illərdə logistika və nəqliyyat marşrutları (xüsusilə Sloveniya şirkətlərinin Bakıdakı layihələrdə iştirakı), energetika, rəqəmsallaşma və əczaçılıq sahələrində əməkdaşlıq daha fəal inkişaf edir. Eyni zamanda, birbaşa investisiyalar, innovasiyalar, üçüncü bazarlara birgə çıxış və yüksək texnologiyalar sahələrində böyük potensial mövcuddur. Bu istiqamətlərdə tərəfdaşlıq imkanları əhəmiyyətli dərəcədə genişləndirilə bilər.
Sloveniyanın xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə bu ilin aprelində Azərbaycana səfəri çərçivəsində iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclasının keçirilməsi mühüm mərhələ oldu. Geniş tərkibli iqtisadi nümayəndə heyətinin iştirakı ilə müşayiət olunan bu səfər ikitərəfli əlaqələrin, o cümlədən enerji sektorunda əməkdaşlığın inkişafına əlavə təkan verib.
Biz müsbət dinamika müşahidə edirik: 2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 57 % artaraq 37,7 milyon avroya çatıb. Əczaçılıq sektorunda Sloveniyanın "Krka" və "Sandoz" kimi aparıcı şirkətləri xüsusilə uğurla fəaliyyət göstərir və artıq Azərbaycan bazarında möhkəmlənib. Müsbət tendensiya 2025-ci ildə də davam edir: səkkiz ay ərzində ticarətin həcmi 43,1 milyon avroya çatıb (+63 %), Azərbaycandan idxal isə 167 % artaraq 24,5 milyon avro təşkil edib. Mineral yanacaq və yağlar idxalın 58 %-ni təşkil edib, bu isə artıq həyata keçirilmiş təşəbbüslərin nəticəsidir. Eyni dövrdə Sloveniyadan ixrac 18,6 milyon avroya (+8 %) bərabər olub.
Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumerin Bakıya səfəri zamanı energetika sahəsində Anlaşma Memorandumunun imzalanması enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım olub və xüsusilə qaz təchizatı və dayanıqlı enerji sahəsində əməkdaşlığın inkişafına qarşılıqlı marağı təsdiqləyib.
Bundan əlavə, biz innovasiyalar, texnologiyalar və davamlı inkişaf sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli potensial görürük. Sloveniya artıq UNIDO layihələri vasitəsilə, məsələn, "İnnovasiya ekosisteminin inkişafı və dəstək" proqramı çərçivəsində, eləcə də 2002-ci ildən humanitar minatəmizləmə, adi silahların məhv edilməsi və zərərçəkənlərin reabilitasiyası məsələlərində Azərbaycan Milli Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən "ITF Enhancing Human Security" təşkilatı vasitəsilə Azərbaycanın təşəbbüslərinə dəstək verir.
- Yaxın gələcəkdə ölkələrimiz arasında İqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun növbəti iclasının keçirilməsi planlaşdırılırmı? İnvestisiyalar, logistika və ya turizm sahələrində əməkdaşlığın yeni istiqamətlərinin müzakirəsi üçün Azərbaycana səfəriniz gözlənilirmi?
- İqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun iclasları adətən ikitərəfli münasibətlərin dinamikasından və həyata keçirilən təşəbbüslərdən asılı olaraq hər 1-2 ildən bir keçirilir. İşçi qrupun birinci iclası 2025-ci ilin aprelində Bakıda baş tutub. Digər beynəlxalq tədbirlərin qrafiki nəzərə alınmaqla növbəti iclasın 2026-cı ildə Sloveniyada keçirilməsi planlaşdırılır.
Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin rəsmi nümayəndə heyətinin Azərbaycana əlavə səfərinə gəlincə, hazırda belə planlar nəzərdən keçirilmir.
- Ümumavropa logistika strategiyası kontekstində Sloveniyanın Orta Dəhlizin inkişafında iştirak perspektivlərini necə qiymətləndirirsiniz? Sizcə, Azərbaycan Avropa və Asiya arasında bağlantının təmin edilməsində hansı rola malikdir və mümkün birgə layihələrlə bağlı danışıqlar aparılırmı?
- Orta Dəhliz dəmir yolu və avtomobil əlaqəsini Xəzər və Qara dənizləri vasitəsilə qısa dəniz marşrutları ilə birləşdirən mühüm multimodal marşrutdur. Bu marşrut Avropa və Asiya arasında ticarət yollarının şaxələndirilməsində getdikcə daha əhəmiyyətli rol oynayır.
Hazırda Sloveniyanın Koper yük limanı ilə Azərbaycan limanları arasında birbaşa əməkdaşlıq həyata keçirilmir və birgə dəniz layihələri haqqında məlumat yoxdur. Həmçinin Sloveniyanın logistika və ya nəqliyyat şirkətlərinin bu istiqamətdə iştirakı da hələlik qeydə alınmayıb.
- Zəngəzur dəhlizinin (TRIPP) açılması mümkünlüyünü Orta Dəhliz marşrutlarına və regionun ümumi logistika xəritəsinə təsiri baxımından necə qiymətləndirirsiniz? Bu amil yük axınlarının balansını, o cümlədən Qara dəniz və Ukrayna limanlarının rolunu dəyişdirə bilərmi? Sloveniya Zəngəzur marşrutu və Xəzər, Cənubi Qafqaz və Avropa arasında tranzit əlaqələrinin inkişafı ilə bağlı infrastruktur təşəbbüslərdə iştirak etməyi planlaşdırırmı?
- Uzunmüddətli perspektivdə Orta Dəhliz boyunca yük axınlarının artması qaçılmaz olaraq "qısa dəniz daşımalarının" inkişafı və Qara və Adriatik dənizləri arasında intermodal həllərin tətbiqi imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. Bu, öz növbəsində, liman proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması sahəsində yeni tərəfdaşlıq formalarının yaranmasına təkan verə bilər.
Hazırda Sloveniyanın İnfrastruktur Nazirliyi (xüsusilə Hava və Dəniz Nəqliyyatı İdarəsi - dəniz sektoru) Zəngəzur dəhlizinin Orta Dəhliz və Qara dəniz limanlarının yük axınlarına potensial təsirini qiymətləndirməyə imkan verən məlumata malik deyil. Həmçinin hazırda Sloveniya tərəfinin bu istiqamətlə bağlı infrastruktur təşəbbüslərində iştirakı haqqında məlumatlar da yoxdur.
- Sloveniya və Azərbaycan arasında aviareyslərin sayının artırılması və ya Bakı-Lyublyana birbaşa marşrutunun açılması ilə bağlı danışıqlar aparılırmı?
- Hazırda Sloveniya və Azərbaycan arasında müntəzəm hava əlaqəsi yoxdur. İki ölkə arasında aviadaşımalar haqqında sazişlə bağlı danışıqlar davam edir. Birbaşa hava əlaqələrinin ikitərəfli iqtisadi və turizm əlaqələrinin möhkəmləndirilməsi, habelə işgüzar əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım ola biləcəyi fikri ilə tam razıyıq.
- Sloveniya Azərbaycandan turistlərin cəlb edilməsi üçün hansı addımlar atır? Hansı istiqamətləri - sağlamlıq, dağ-xizək, mədəni və ya ekoturizm – daha perspektivli hesab edirsiniz? Bakıda turizm sahəsində "roadshow" və ya birgə kampaniyaların keçirilməsi ehtimalı varmı?
- Sloveniya Turizm İdarəsi və bir sıra turizm şirkətləri 2024-cü və 2025-ci illərdə Bakıda keçirilən turizm "workshop"larında iştirak edib. Turizm İdarəsi Sloveniyada müntəzəm olaraq B2B tədbirləri, həmçinin turoperatorlar, jurnalistlər və influenserlər üçün ölkənin beynəlxalq səviyyədə tanıdılmasına kömək edən tanışlıq turları təşkil edir.
Biz Sloveniya Turizm İdarəsi və Azərbaycan Dövlət Turizm Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qarşılıqlı tanışlıq səfərlərinin təşkili və hər iki ölkənin turizm marşrutlarının təşviqi üçün böyük perspektivlər görürük.
Sloveniya Azərbaycan bazarında əsasən sağlamlıq turizmi və təbii SPA, mədəni irs və qastronomiya, eləcə də təbiət turizmi və aktiv istirahət kimi istiqamətləri təşviq edir.
- Sloveniya və Azərbaycan şirkətləri arasında birgə müəssisələrin yaradılması imkanı nəzərdən keçirilirmi? Bu cür əməkdaşlıq üçün hansı sektorlarda daha çox potensial var?
- Birgə müəssisələrin yaradılması Sloveniya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın perspektivli formalarından biri kimi nəzərdən keçirilir. Biz energetika - xüsusilə bərpa olunan enerji mənbələri və "yaşıl texnologiyalar", Sloveniyanın innovativ şirkətlərinin aktiv fəaliyyət göstərdiyi əczaçılıq, maşınqayırma, elektrotexnika, həmçinin logistika və nəqliyyatın idarə edilməsi üçün intellektual həllər və rəqəmsallaşma kimi sahələrdə böyük potensial görürük.
Bundan başqa, "yaşıl iqtisadiyyat" sahəsində əməkdaşlıq, bilik mübadiləsi və texnoloji həllərin birgə işlənib hazırlanması ölkələrimiz arasında uzunmüddətli və davamlı tərəfdaşlığın formalaşmasına şərait yaradır.
- Sloveniya ekoloji texnologiyalar və davamlı inkişaf sahəsində nailiyyətləri ilə tanınır. Bərpa olunan enerji, tullantıların idarə edilməsi, enerji effektivliyi üzrə həllər və ya su resursları kimi istiqamətlərdə Azərbaycanla əməkdaşlığa maraq varmı?
- Sözsüz ki, Sloveniya ekoloji cəhətdən təmiz texnologiyaların (bərpa olunan enerji mənbələri, tullantıların intellektual idarəetmə sistemləri, enerji effektivliyi üzrə həllər və su resurslarının idarə edilməsi) işlənib hazırlanması və tətbiqində zəngin təcrübənin toplandığı "yaşıl keçid" sahəsində əməkdaşlığı gücləndirməyə can atır. Biz bu sahələrdə Azərbaycanla əməkdaşlığı strateji cəhətdən vacib hesab edir və burada bilik, qabaqcıl təcrübə mübadiləsi və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi üçün böyük potensial görürük.
Sloveniya və Azərbaycanın energetika nazirlikləri arasında imzalanmış Enerji sahəsində Anlaşma Memorandumu bərpa olunan enerji və təmiz texnologiyalar, o cümlədən hidrogen energetikasının inkişafı sahəsində tərəfdaşlığın gücləndirilməsi üzrə ümumi səyləri əks etdirir. Ümid edirik ki, bu əməkdaşlıq tədricən genişlənəcək və möhkəmlənəcək, enerji dayanıqlığı və iqlim neytrallığı kimi ümumi məqsədlərə xidmət edəcək.
- Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında iqtisadi münasibətlərin genişləndirilməsi kontekstində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz? Bakı energetika, logistika və rəqəmsal texnologiyalar sahəsində Aİ-nin əsas tərəfdaşlarından birinə çevrilə bilərmi?
- Geostrateji mövqeyi, liman və dəmiryol infrastrukturuna yatırılan böyük məbləğdə investisiyalar sayəsində Azərbaycan Avropa və Asiya arasında oynadığı əsas körpü rolunu tədricən gücləndirir. Xüsusilə, Orta Dəhliz çərçivəsində Çin, Mərkəzi Asiya və Avropa İttifaqı arasında daha etibarlı, davamlı və səmərəli ticarət dövriyyəsi üçün əlverişli şərait yaradılır.
Əminik ki, Azərbaycan təkcə energetika və logistika sahəsində deyil, həm də rəqəmsal texnologiyalar və intellektual həllər sahəsində əlaqələndirici həlqə kimi Aİ-nin əsas tərəfdaşlarından birinə çevrilmək potensialına malikdir. Bu istiqamətdə əməkdaşlıq innovasiya, qabaqcıl təcrübə və texnoloji bilik mübadiləsi əsasında qurula bilər.
Sloveniya hesab edir ki, Cənubi Qafqazda sülh və sabitlik regionun davamlı iqtisadi inkişafı və rifahı üçün ən vacib şərtlərdir. Biz iqtisadi tərəqqi və rifahın əsas amilləri kimi regional əməkdaşlığı və nəqliyyat əlaqələrinin inkişafını qətiyyətlə dəstəkləyirik.
Bundan əlavə, Sloveniya Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir və Avropa İttifaqının etimadın gücləndirilməsi, möhkəm sülhün qurulması, iqtisadiyyatın inkişafı və regional inteqrasiyaya yönəlmiş təşəbbüslərin həyata keçirilməsində oynadığı rolu yüksək qiymətləndirir. Biz sülhsevər, təhlükəsiz və iqtisadi cəhətdən dayanıqlı Cənubi Qafqazın yaradılmasına yönəlmiş bütün konstruktiv səyləri bundan sonra da dəstəkləmək niyyətindəyik.