Səfir: "Böyük Britaniyaya viza müraciəti edən azərbaycanlıların sayı artmaqda davam edir" - MÜSAHİBƏ

Biznes
  • 17 oktyabr, 2025
  • 13:00
Səfir: Böyük Britaniyaya viza müraciəti edən azərbaycanlıların sayı artmaqda davam edir - MÜSAHİBƏ

Azərbaycan və Böyük Britaniya arasında münasibətlər son illər sürətlə inkişaf edir. Rəsmi London Qarabağ münaqişəsi dövründə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Britaniyanın BP şirkəti isə Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsində, ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayıb və bu gün də bu əməkdaşlıq davam edir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "Report"a müsahibəsində Ermənistanla sülh prosesi, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı, eləcə də təhsil və viza məsələləri barədə sualları cavablandırıb:

– Azərbaycan və Ermənistan arasında sülh prosesini necə qiymətləndirirsiniz?

- Üç ildən bir qədər çoxdur ki, Azərbaycandayam və son vaxtlar Ermənistanla münasibətlərdəki irəliləyişlər həqiqətən də heyrətamizdir. Əbu-Dabidə və Vaşinqtonda mühüm addımlar atılıb. Sülh sazişinin paraflanması çox böyük addım idi, nəqliyyat əlaqələri üzrə razılaşmalar da vacib idi. Əlbəttə, biz sülh sazişinin mümkün qədər tez imzalanmasını istərdik - bu, dünyaya sülhün davamlı olduğunu göstərən real bir siqnal olardı. Amma insanlar artıq əldə edilən irəliləyişləri görürlər.

Eyni zamanda, əlaqəlilik məsələsinə və Böyük Britaniyanın bu sahəni necə dəstəkləyə biləcəyinə böyük diqqət yetirilir - bu, istər Naxçıvanda dəmir yolu şəbəkəsinin yenilənməsinə investisiya cəlb etməyə kömək etməklə, istərsə də digər əlaqəli sahələrdə ola bilər. Qarşıda hələ bir sıra addımlar var, lakin biz siyasi irəliləyişdən çox razıyıq.

- Azərbaycan hökuməti Orta Dəhlizin inkişafına xüsusi önəm verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı genişləndirir. Böyük Britaniya şirkətlərinin bu nəqliyyat və logistika dəhlizinə marağı varmı, onlar bu istiqamətdə danışıqlara qoşulublarmı?

- Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasət bizim də tam dəstək verdiyimiz bir yanaşmadır. Biz görürük ki, bir sıra sahələrdə - xüsusilə "təmiz enerji", infrastruktur və əlaqəlilik istiqamətlərində - inkişaf və əməkdaşlıq üçün böyük imkanlar mövcuddur.

Bir neçə ay əvvəl Böyük Britaniyanın "UK Export Finance" (UKEF) qurumu ilə ilk müqavilə imzalandı, bu da aviasiya sektorunu əhatə edir. Bundan əlavə, dəmir yolu, logistika və "təmiz enerji" sahələrində də əməkdaşlıq üçün ciddi potensial görürük. Ümumilikdə, Böyük Britaniya şirkətlərinin Azərbaycanda bu istiqamətlərdə güclü kommersiya marağı var.

– İl başa çatmaq üzrədir. Ölkələrimiz arasında bu ili siyasi-iqtisadi baxımdan necə qiymətləndirirsiniz? Növbəti il üçün prioritetlər nələr olacaq?

- Bildiyiniz kimi, avqustun sonunda Avropa işləri üzrə nazirimiz Stiven Dautçi Bakıya səfəri zamanı cənab Prezidentlə razılığa gəldi ki, ölkələrimiz arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldək. Bu, o deməkdir ki, artıq yeni və daha məzmunlu şəkildə əməkdaşlıq imkanlarını müzakirə edirik. Onilliklər ərzində münasibətlərimiz faktiki olaraq strateji xarakter daşıyırdı, lakin biz hələ də inkişaf üçün potensial görürük - xüsusilə qarşılıqlı ticarət və investisiya sahələrində.

Məsələn, ötən həftə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Böyük Britaniyadakı Qatvik hava limanına 66 milyon ABŞ dolları (50 milyon funt sterlinq) investisiya qoymaq xəbərini çox məmnunluqla qarşıladıq. Bu, ticarət və investisiya tərəfidir. Təhlükəsizlik və müdafiə baxımından da silah embarqosunun ləğvini müzakirə etdik. Bu, müdafiə əməkdaşlığını və potensial müdafiə məhsulları ixracını genişləndirməyə imkan verəcək. Bundan əlavə, təhsil, innovasiya və rəqəmsal inkişaf da dərin əməkdaşlıq üçün böyük potensiala malik sahələrdir.

– İki ölkə arasında Hökumətlərarası Komissiyanın növbəti iclası nə vaxt keçiriləcək?

- Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın son iclası bu ilin aprel ayında keçirilmişdi. Növbəti iclas gələn il, yəni 2026-cı ildə, Azərbaycanda keçiriləcək. Bundan əlavə, avqust ayının sonunda Xarici İşlər Nazirliklərimiz arasında Strateji Dialoq da keçirdik. Bunlar iki ölkə arasında ən vacib müntəzəm hökumətlərarası görüşlərdir. Hər ikisi bu il baş tutub, lakin qarşılıqlı yüksək səviyyəli səfərləri də səbirsizliklə gözləyirik.

– Böyük Britaniya həm də Azərbaycanla təhsil sahəsində əməkdaşlığı dəstəkləyir. Bu sahəni necə qiymətləndirirsiniz və növbəti il üçün yeni layihələr planlaşdırılırmı?

- Britaniya Şurası (British Council) artıq 32 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir, ölkədə təhsilin inkişafında əsas tərəfdaşlardan biridir. Biz xüsusilə Azərbaycanın müxtəlif bölgələrində ingilis dili müəllimlərinin təliminə, gənc tədqiqatçıların bacarıqlarının artırılmasına, imtahanların təşkil edilməsinə diqqət yetiririk - bunlar, təkcə IELTS deyil, həm də mühasibatlıq və hüquq üzrə peşəkar imtahanlardır. Bütün bunlar istedadlı azərbaycanlılara müxtəlif karyera imkanlarına çıxış imkanı yaradır.

Biz Elm və Təhsil Nazirliyi ilə birgə İngilis Dili Strategiyası üzərində işlədik və onun həyata keçirilməsini səbirsizliklə gözləyirik. Həmçinin, universitetlər arasında əlaqələri gücləndirməyə, xüsusilə tədqiqat və ikili diplom proqramlarında əməkdaşlığa maraqlıyıq - məsələn, Varvik Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında olan əməkdaşlıq kimi. Və əlbəttə, Birləşmiş Krallıqda təhsil alan istedadlı azərbaycanlı gənclərin sayının artmasından çox məmnunuq. Təhsil sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu, Böyük Britaniya–Azərbaycan münasibətlərinin əsas istiqamətlərindən birinə çevrilib.

- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın genişlənməsi fonunda, Azərbaycan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi və ya konsulluq xidmətlərinin asanlaşdırılması istiqamətində danışıqlar aparılırmı?

- Oktyabrın sonunda Londonda konsulluq məsləhətləşmələri keçirməyi planlaşdırırıq. Hazırda elan ediləcək yeni təşəbbüslər yoxdur, lakin biz daim bu prosesin necə işlədiyi barədə geri bildiriş almaqda maraqlıyıq.

Böyük Britaniyaya viza müraciəti edən azərbaycanlıların sayı artmaqda davam edir və biz azərbaycanlıların ölkəmizə - istər turizm, istər təhsil, istərsə də biznes məqsədilə - artan marağından çox məmnunuq.

Son xəbərlər

Bütün Xəbər Lenti