Səfir: Azərbaycan Pakistanın səmimi və etibarlı dostudur
- 08 oktyabr, 2025
- 11:09

Pakistandan böyük nümayəndə heyəti II Azərbaycan Halal Biznes Forumunda (AZHAB) iştirak etmək üçün Bakıdadır.
"Report" Pakistan mediasına istinadən xəbər verir ki, bu ölkənin Azərbaycandakı səfiri Qasım Mohiuddin forum iştirakçılarını öz iqamətgahında qəbul edib.
Görüş zamanı diplomat vurğulayıb ki, Azərbaycan Pakistanın səmimi, yaxın və etibarlı dostudur. O, ticarət, turizm, enerji, tikinti və texnologiya kimi sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların mövcud olduğunu qeyd edib.
Tərəflər ticarət əlaqələrinin gücləndirilməsi, investisiya imkanlarının öyrənilməsi və iqtisadiyyatın müxtəlif sektorlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı ətraflı müzakirələr aparıblar.
Əczaçılıq və İT sahələrində əməkdaşlığın aktivləşdirilməsinin vacibliyini vurğulayan səfir Pakistan iş adamlarının Azərbaycanda hər zaman arzuolunan qonaqlar olduğunu əlavə edib.
O, Pakistan nümayəndə heyətinin forumda iştirakının ikitərəfli iqtisadi əlaqələri yeni səviyyəyə çıxaracağına ümidvar olduğunu bildirib.