Şahin Bağırov: "ARAS-ın tətbiqi ilə sərhədkeçmə müddəti 25 % azalıb"
- 08 dekabr, 2025
- 10:25
Son dövrlərdə Avtomatlaşdırılmış Risk Analizi Sisteminin tətbiqi nəticəsində sərhədkeçmə müddətinin 25 % azalmasına nail olunub.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
Onun sözlərinə görə, son dövrlər Azərbaycanda gömrük rəsmiləşdirilmə müddətinin 35 %, fiziki yoxlamaların sayının isə 22 % azalmasına nail olunub: "Gömrük işinin müxtəlif sahələri üzrə beynəlxalq tələblərə uyğun metodiki vəsaitlər hazırlanıb, elektron bildiriş sistemi ilə və təminat əsaslı malların buraxılışı mexanizmi tətbiq edilməklə gömrük ödənişlərinə səmərəli nəzarət üsulları formalaşdırılıb. 2024-cü il ərzində malların gömrük dəyərində bəyannamələr vasitəsilə dəqiqləşmiş 377 milyon manat məbləği üzrə 170 milyon 366 manat vəsaitin büdcənin gəlirləri hesabına cəlb edilməsi təmin edilib. 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi 4 milyard 343 milyon manat olduğu halda, 2024-cü ildə faktiki büdcəyə köçürülmüş məbləğ 2 milyard 305 milyon manat və ya 53 % artıq olaraq 6 milyard 648 milyon manat təşkil edib".
O qeyd edib ki, dövlət mülkiyyətinə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində, 2024-cü ildə 2,3 milyon manat məbləğində, cari ilin 11 ayında isə 3,9 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib: "Toplanmış gömrük rüsumları və vergiləri 2024-cü il dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35 %-ni, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun isə 8 %-ni təşkil edib".