"Rebuild Karabakh" sərgisində KOB-lar üçün ayrıca stend qurulub
- 14 oktyabr, 2025
- 18:37

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh 2025") KOB-lar üçün ayrıca stend qurulub.
Bu barədə "Report"a KOBİA-dan məlumat verilib.
Bildirilib ki, sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələrinin qurulmasına dəstək məqsədilə 10-a yaxın KOB subyektinin sənaye və inşaat məhsulları, tikinti materialları, istehsalat avadanlıqları, işçi geyimləri və müxtəlif xidmətlər təqdim edilir.
Həmçinin, stenddə Qarabağın biznes və investisiya imkanları, bölgənin potensialı, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları, sahibkarlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilir. KOBİA-nın və tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilən "Qarabağ KOB-ları" proqramı barədə məlumat da sərgi ziyarətçilərinin diqqətinə çatdırılır. Stenddə iş adamlarının ikitərəfli görüşlər keçirməsi üçün şərait də yaradılıb.
Qeyd edək ki, "Rebuild Karabakh" sərgisi oktyabrın 16-dək davam edəcəkdir.