"PASHA Holding"in rəsmisi: "Ticarət və xidmət sektorunda rəqabət mühiti daha çox təhrif olunur"
- 03 oktyabr, 2025
- 12:48

Azərbaycanda bazar iştirakçıları arasında haqsız rəqabət hallarına qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi zəruridir.
"Report" xəbər verir ki, bunu "PASHA Holding"in baş icraçı direktorunun biznesə dəstək üzrə müavini Dəyanət Sədullayev Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində "Müasir rəqabət çağırışları və dəyişən siyasət: Rəqabət siyasətinin iqtisadi inkişafda rolu" mövzusunda panel müzakirəsində deyib.
Onun sözlərinə görə, bazarda haqsız rəqabət aparan, hüquqi boşluqlardan istifadə edən şirkətlərə qarşı ictimai nəzarət artırılmalı, vətəndaşların mövqeyi bu prosesdə mühüm rol oynamalıdır:
"Vətəndaşlarımız sağlam bazar münasibətlərinin formalaşmasında həm nəzarətçi, həm də istehlakçı kimi iştirak etməlidirlər".
D. Sədullayev əlavə edib ki, məsələ yalnız vətəndaş mövqeyi ilə bitmir, dövlət qurumlarının da rolu əhəmiyyətlidir:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti qurumlar haqsız rəqabətin aradan qaldırılmasında böyük rol oynayır. Eyni zamanda, bazarda kirayə haqları, sosial ödənişlər və xidmətlərdə yaranan problemlər də rəqabətin təhrif olunmasına səbəb olur. Bu, xüsusilə ticarət və xidmət sektorunda daha qabarıq şəkildə özünü göstərir".
O, həmçinin dövlət müəssisələrinin bazarda üstün mövqeyinə toxunaraq qeyd edib ki, onların xüsusi dəstəklə irəli çəkilməsi digər bazar iştirakçıları üçün psixoloji təzyiq formalaşdırır:
"Dövlətin çətiri altında olan müəssisələrin inkişafına göstərilən diqqət və əlavə güzəştlər bəzən bazardakı digər oyunçulara haqsız təzyiq yaradır. Bu, qeyri-bərabər şərtlər formalaşdıraraq rəqabət mühitini zəiflədir".