"Netflix"in həmtəsisçisi: "İdeya heç nədən yaranmır, onu axtarmaq lazımdır"

Biznes
  • 30 sentyabr, 2025
  • 11:54
Netflixin həmtəsisçisi: İdeya heç nədən yaranmır, onu axtarmaq lazımdır

"Netflix"in yaradılması ideyası təsadüfən meydana gəlməyib, məqsədyönlü axtarışların və onlarla uğursuz konsepsiyanın nəticəsi olub.

"Report"un məlumatına görə, bu barədə şirkətin həmtəsisçisi Mark Rendolf "PAŞA Holdinq" tərəfindən təşkil edilən "INMerge" İnnovasiya Sammitində danışıb.

Onun sözlərinə görə, sahibkarlıqda əsas olan yeni ideyalara açıq olmaq bacarığıdır.

"İdeya mifik "evrika" kimi heç yerdən yaranmır. Onu axtarmaq, açıq olmaq lazımdır. "Netflix" ilə bağlı ideyanı məqsədyönlü şəkildə axtarmışıq. Biz onu uzun müddət, yüzlərlə pis ideya arasında axtarmışıq", - M.Rendolf qeyd edib.

Onun sözlərinə görə, "Netflix"in əsasını qoyan ideya 25 ildən çox əvvəl yaranıb.

M.Rendolf bildirib ki, hazırda "Netflix"in 300 milyondan çox istifadəçisi var.

"14 aprel 1998-ci ildə "Netflix"in işə salınması gərgin anlarla yadda qaldı. Biz sayt üzərində altı ay işlədik və nəhayət onu işə saldıq. İlk sifarişlər gəldi. Lakin 15 dəqiqədən sonra bütün serverlərimiz sıradan çıxdı", - M.Rendolf bildirib.

Həmtəsisçi əlavə edib ki, həmin günün sonuna qədər onlar 300 sifariş alıblar ki, bu da əvvəlcə aylıq göstərici kimi planlaşdırılmışdı.

"Üç il sonra biz yeni model tətbiq etdik - gecikdirmə cəriməsi olmayan və müddət məhdudiyyəti olmayan abunə sistemi. Bu, dönüş nöqtəsi oldu və abunəçilərin sayı 300 minə çatıb. İndi isə artıq 300 milyondan çox abunəçimiz var", - M.Rendolf vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti