Azərbaycanda sənaye zonaları üzrə 170-dan çox sahibkara rezident statusu verilib
- 04 noyabr, 2025
 - 12:25
 
                            
                            
                        Azərbaycanda sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 171 sahibkarlıq subyektinə rezident statusu verilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 9 ayda sənaye zonalarının ölkə üzrə qeyri-neft-qaz sənayesi istehsalında xüsusi çəkisi 19,2 %, ixracında payı isə 29,4 % təşkil edib: "Ötən 9 ay ərzində sənaye zonalarında 2,9 milyard manatlıq satış həyata keçirilib, bunun da 938 milyon manatlıq hissəsi və ya üçdə-biri ixracın payına düşür".
Nazir qeyd edib ki, eyni zamanda bu ilin oktyabrın 1-nə 508 sahibkarlıq subyektinə 612 investisiya təşviqi sənədi təqdim edilib: "İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,4 milyard manata yaxın investisiyanın yatırılması, 44 mindən çox iş yerinin açılması nəzərdə tutulub. Təşviq edilmiş layihələrin 87 %-i regionların payına düşür".