Naxçıvanın xarici ticarət dövriyyəsi 22 % artıb

Biznes
  • 17 aprel, 2026
  • 14:49
Naxçıvanın xarici ticarət dövriyyəsi 22 % artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 33,4 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 3,6 milyon ABŞ dolları ixracın, 29,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 38,5 %, idxal isə 20,2 % artıb.

Son nəticədə xarici ticarətdə 26,2 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 18 % çoxdur.

"I rübdə ixrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, travertin, alçıpan, məsaməli beton, elektrik enerjisi, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, meyvə şirələri, buğda kəpəyi, salfetka və mineral sular yer alıb. Həmin məhsullar Amerika Birləşmiş Ştatları, Qırğızıstan, Gürcüstan, Türkiyə, İran, İsrail, Yəmən, Suriya, İraq və Ukraynaya ixrac olunub", - deyə məlumatda qeyd olunub.