Dövlət Agentliyi yanacaqdoldurma obyektlərinə müraciət edib

Biznes
  • 02 dekabr, 2025
  • 14:59
Dövlət Agentliyi yanacaqdoldurma obyektlərinə müraciət edib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektlərinə müraciət edib.

"Report" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Müraciətdə qeyd olunub ki, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər sırasında Dövlət Agentliyindən müvafiq rəyin alınması nəzərdə tutulub.

Belə ki, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün həmin obyektlərdə istifadə olunan ölçmə vasitələrinin "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə "Texniki tənzimləmə haqqında" Qanunun tələblərinə uyğun olması barədə Agentliyin müvafiq rəyi olmalıdır. Bu məqsədlə yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin tipi təsdiqlənməli, müvafiq yoxlamadan keçirilməli, texniki reqlamentlərlə əhatə olunan malların uyğunluğu qiymətləndirilməli və bu barədə müvafiq təsdiqedici sənədlər – sertifikat, şəhadətnamə, inspeksiya rəyi və s. əldə edilməlidir.

Rəyin əldə olunması üçün yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektləri yanacaqdoldurma obyektinin fəaliyyəti üçün zəruri olan qurğu, avadanlıq (o cümlədən, ölçmə vasitələri) yeni quraşdırıldığı (istifadəyə verilmədiyi), eləcə də istismarda olduğu halda, tələb olunan müvafiq ərizə formasını (https://competition.gov.az/az/page/melumat-merkezi/information/yanacaqdoldurma-obyektlerinin-istismarina-lisenziya-verilmesi-ucun-reyin-alinmasi) doldurmaqla Dövlət Agentliyinə şəxsən və ya səlahiyyətli nümayəndə tərəfindən birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət etməlidirlər.

Ərizəçi müraciət etməzdən əvvəl ona məxsus yanacaqdoldurma obyektində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə məlumatların Agentliyin dövlət reyestrində (https://e-keyfiyyet.gov.az/informative-services/registry) mövcudluğunu yoxlamalı, daha sonra mallara (qurğu, avadanlıq, ölçmə vasitəsi və s.) dair akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sənədləri ərizəyə əlavə etməlidir.

Tələb olunan sənədlərin verilməsini həyata keçirən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar barədə məlumat Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin rəsmi internet səhifəsindən (https://accreditation.gov.az/az/uygunlugun-qiymetlendirilmesi) əldə oluna bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti