Dmitri Pineviç: "Azərbaycanda indiyə kimi 14 min Belarus traktoru istehsal olunub"
- 17 dekabr, 2025
- 16:54
Minsk və Bakı arasında ticari-iqtisadi tərəfdaşlıq ardıcıl olaraq güclənməkdə davam edir.
"Report" xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda sənaye kooperasiyası xüsusi əhəmiyyət kəsb edir. Diplomat Gəncə Avtomobil Zavodunda sistemli işin davam etdiyini qeyd edib.
O bildirib ki, burada bu günə qədər təxminən 14 min Belarus traktoru istehsal olunub.
"Paralel olaraq müəssisədə yanğınsöndürmə-xilasetmə və kommunal texnikasının istehsalı həyata keçirilir. Bundan əlavə, 279 lift istehsal edilib. Reallaşdırılmanın müxtəlif mərhələsində olan digər layihələr də başlayır", - D.Pineviç vurğulayıb.
Bununla yanaşı, səfir Azərbaycanda əczaçılıq sənayesinin yüksək inkişaf tempini qeyd edib: "Mən əczaçılıq zavodlarını, o cümlədən Prezident İlham Əliyevin açılışını etdiyi zavodları görə bildim. Bir mütəxəssis kimi bu müəssisələrin son dərəcə yüksək səviyyəsini, o cümlədən belaruslu tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində yeni Azərbaycan dərmanlarının buraxılışı üçün yüksək potensialı qeyd edirəm".
Səfir, həmçinin Azərbaycan və Belarus birgə məhsullarının üçüncü ölkələrin, xüsusilə Avrasiya İqtisadi İttifaqının bazarlarına çıxması üçün potensialın mövcudluğunu vurğulayıb.