Ceyms Jan: "Azərbaycan üçün yeni qlobal investisiya strategiyalarının hazırlanması zəruridir"

Biznes
  • 22 sentyabr, 2025
  • 15:32
Ceyms Jan: Azərbaycan üçün yeni qlobal investisiya strategiyalarının hazırlanması zəruridir
Ceyms Jan

Azərbaycan üçün yeni qlobal investisiya strategiyalarının hazırlanması zəruri hesab olunur.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) WAIPA-nın WIC İcraiyyə Şurasının sədri və BMT Fond Birjaları Təşəbbüsünün təsisçi sədri Ceyms Jan bildirib.

Onun sözlərinə görə, dünya dəyər zənciri "zəncir" modelindən "klaster" modelinə keçir və bu dəyişiklik Azərbaycan kimi tranzit imkanlarına malik ölkələr üçün yeni investisiya fürsətləri yaradır: "Multimilyonluq şirkətlər artıq qlobal deyil, daha çox regional mərkəzlər formalaşdırmağa üstünlük verir. Dəniz nəqliyyatının payı azalır, quru nəqliyyatının əhəmiyyəti isə artır".

C. Jan qeyd edib ki, yeni mərhələdə yalnız dəyər zəncirinin bir hissəsinə sərmayə cəlb etmək kifayət etmir: "Tədarük xidmətlərinin inkişafı, lokal istehsalın gücləndirilməsi, lisenziyalaşdırma, françayzinq və birgə müəssisələr kimi qeyri-pay kapitalı əsaslı əməkdaşlıq modelləri xüsusi əhəmiyyət kəsb edir".

O, həmçinin beynəlxalq dayanıqlılıq standartlarının – xüsusən Avropa İttifaqı və ISB qaydalarının – gələcəkdə sərmayədarlar üçün əsas meyara çevriləcəyini vurğulayıb: "Bu yanaşmaların sənaye və investisiya siyasətlərinə inteqrasiyası Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti