Bu il Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb
- 03 dekabr, 2025
- 11:04
Bu ilin yanvar-oktyabr aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 31 milyard 031,3 milyon manat olub.
Bu barədə "Report"a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin 10 ayı ilə müqayisədə 4,7 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,6 % artaraq 17 milyard 208,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,1 % artaraq 13 milyard 822,9 milyon manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,2 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,9 % artıb.
İstehlak məhsullarının 36,9 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52615,7 milyon manatlıq, o cümlədən 28 milyard 664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.