Biznes dünyasının çıxmazı: Müflisləşmə

Biznes
  • 07 noyabr, 2025
  • 09:35
Biznes dünyasının çıxmazı: Müflisləşmə

Müasir qloballaşan mühitdə biznes dünyası sürətlə dəyişir, rəqabət isə hər keçən gün daha da sərtləşir. Bu şəraitdə baş verə biləcək hadisələrdən biri kommersiya hüquqi şəxslərin müəyyən səbəblərdən biznes uğursuzluğuna düçar olmaları, nəticədə müflisləşmə və iflas prosesinin baş verməsidir.

Müflisləşmə yalnız bir müəssisənin iqtisadi fəaliyyətinin dayanması kimi deyil, həm də bazar iqtisadiyyatında risklərin və rəqabətin təbii nəticəsi kimi dəyərləndirilir. Müflisləşmənin baş vermə halları, xüsusilə iqtisadi sabitliyin pozulduğu zaman, durğunluq və ya böhran dövrlərində daha da aktuallaşır. Bununla belə, hər bir müflisləşmə hadisəsinin arxasında yanlış idarəetmə qərarları, dəyişən bazar tələblərinə uyğunlaşa bilməmək, rəqabətin güclənməsi, gəlirlərin azalması, xərclərin artması və s. kimi kompleks səbəblər dayanır. Bu səbəbdən, müflisləşmə anlayışının iqtisadi, hüquqi və sosial aspektlərinin tədqiqi müasir dövrdə xüsusilə önəm kəsb edir.

Müflisləşmə nədir?

Müflisləşmə - borclunun öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi, yəni borc və digər maliyyə vəzifələrini ödəmək gücünün itirilməsi halıdır. Qüvvədə olan qanunvericilikdə şəxsin müflisləşməsinə borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması kimi izah verilmişdir.

Borclu şəxsin ödəməyə qabiliyyətinin olmaması aşağıdakı qaydada müəyyən edilir:

- borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 ay ərzində tam icra etməyib;

- borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 ay ərzində tam icra etməyib;

- borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməyib.

İlk növbədə aydınlaşdırılması vacib olan məsələlərdən biri cəmiyyət arasında geniş yayılmış yanlış təsəvvürdür. Belə bir fikir formalaşıb ki, hər hansı müəssisə fəaliyyətini davam etdirmək iqtidarında olmayıb bağlandıqda, o, avtomatik olaraq müflis sayılır. Halbuki bu yanaşma düzgün deyil. Kommersiya fəaliyyəti ilə məşğul olan istənilən kommersiya qurumu bazar iqtisadiyyatının dəyişkən şəraitinə uyğunlaşmaqda çətinlik çəkə bilər. Əgər şirkət zəif rəqabət qabiliyyətinə malikdirsə və ya baş verən dəyişikliklərə adaptasiya ola bilmirsə (məsələn, texnologiyanın inkişafı səbəbilə bəzi işlərin onlayn sistemə keçməsi), o, müəyyən dövrdən sonra fəaliyyətini könüllü şəkildə dayandırmaq qərarına gələ bilər. Belə hallarda müəssisənin işçiləri, tərəfdaşları və ya maliyyə-kredit təşkilatları qarşısında yerinə yetirilməmiş öhdəlikləri yoxdursa, onun müflis elan edilməsindən söhbət gedə bilməz. Deməli, sadəcə fəaliyyətin dayandırılması faktı ilə müflisləşmə eyni mənanı daşımır.

Eyni zamanda qeyd etmək lazımdır ki, müflisləşmə qəfil baş verən bir hal deyil. Yəni şirkətin bir anda qarşılaşdığı təsadüfi vəziyyət yox, müəyyən iqtisadi, maliyyə və idarəetmə amillərinin təsiri nəticəsində formalaşan uzunmüddətli prosesin son mərhələsidir. Yalnız çox nadir hallarda şirkətlər müflisləşmə ilə tamamilə gözlənilmədən üzləşə bilərlər.

Müflisləşmənin əsas səbəbləri nə ola bilər?

Bu məqalədə əsas diqqəti müflisləşmənin yaranma səbəblərinin hüquqi aspektdən qiymətləndirilməsinə yönəldirik. Ümumilikdə, müflisləşmənin meydana gəlməsinə təsir edən amillər kimi daxili (müəssisənin öz fəaliyyətindən irəli gələn) və xarici (iqtisadi mühit və bazar amilləri ilə bağlı) səbəbləri göstərə bilərik.

Daxili səbəblər çox zaman öhdəliyin pozulması, korporativ idarəetmədə edilən səhvlər və ya hüquqi mexanizmlərin səmərəsiz tətbiqi ilə bağlı olur. Məsələn, müəssisənin müqavilə öhdəliklərini pozması, müəssisə rəhbərliyinin maliyyə hesabatlarını saxtalaşdırması, kreditorları bilərəkdən yanlış məlumatlandırması və ya korporativ nizamnamə tələblərinə əməl etməməsi müflisləşməni hüquqi baxımdan dərinləşdirən hallardır. Bu kimi hallar müəssisə gəlirlərinin azalmasına, dövriyyə vəsaitlərinin çatışmazlığına və nəticədə ödəniş qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.

Xarici səbəblər müəssisənin iradəsindən asılı olmayan, lakin onun maliyyə vəziyyətinə və fəaliyyətinə birbaşa təsir göstərən amillərdir. Bu səbəblər hüquqi baxımdan obyektiv xarakterli risklər kimi qiymətləndirilir. Onlara bazar mühitində baş verən dəyişikliklər, yeni texnologiyaların inkişafı, rəqabətin artması və ya qlobal maliyyə böhranları kimi hallar daxildir.

Müəssisənin müflisləşməsinin aradan qaldırılması yollarının hüquqi aspektləri

Müflisləşmə prosesi zamanı əsas məqsəd yalnız borclunun əmlakının bölüşdürülməsi deyil, həm də onun ödəmə qabiliyyətinin bərpasıdır. Hüquqi baxımdan bu tədbirlər kreditorların maraqlarını qorumaqla yanaşı, həm də borclunun hüquqlarının bərpasını hədəfləyir. Müəssisənin müflis elan olunması iflas prosesinin başlaması üçün əsasdır. Müflisləşmə - barışıq sazişi bağlamaqla, borclu müəssisənin yenidən təşkil olunması və ya sağlamlaşdırma kimi mexanizmlərlə aradan qaldırıla bilər:

Barışıq sazişi - kreditorların payına düşən ödənişlərin təxirə salınması, hissə-hissə ödənilməsi, borcların müəyyən hissəsinə güzəşt edilməsi, borclu müəssisənin yenidən təşkil olunması barədə borclu ilə kreditorlar arasında əldə edilən razılıqdır.

Sağlamlaşdırma - borclunun ləğv edilməsinin qarşısını almaq məqsədilə onun mülkiyyətçisi, kreditorlar və digər hüquqi və fiziki şəxslər tərəfindən maliyyə yardımı göstərilməsi yolu ilə borclunun ödəmə qabiliyyətinin bərpası üsuludur.

Yenidən təşkil edilmə - müəssisənin birləşdirilməsi, bölünməsi və ya hüquqi forma dəyişikliyi ilə borc yükünün azaldılması və fəaliyyətini davam etdirməsi üçün tətbiq edilir.

Nəticə olaraq, ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması baxımından borclular və kreditorlar arasında barışıq sazişlərinin təşviqi, burada mediasiyanın imkanlarından istifadə, həmçinin sağlamlaşdırma mexanizmlərinin effektiv tətbiqi nəzərdə tutula bilər. Bunun məntiqi davamı kimi iş adamlarının birliklərinin həyata keçirdikləri tədbirlərdə sahibkarların bu istiqamətdə hüquqi maarifləndirilməsi əhəmiyyətli ola bilər. Bu baxımdan, müflisləşməni hər zaman mənfi hadisə kimi deyil, həm də iqtisadi sistemin özünü tənzimləmə və yenilənmə mexanizmi kimi qiymətləndirə bilərik. Sonda qeyd edə bilərik ki, şirkətlərin iflasa düşməsinin qarşısını almaqla yanaşı, iflas prosesi başlamış şirkətlərin ödəmə qabiliyyətinin bərpasına yönəlmiş hüquqi mexanizmlərin təkmilləşdirilməsi effektiv nəticələr yarada bilər.

Qasım Şaliyev - Vəkil

Əsməgül Kamilova - Hüquqşünas

Son xəbərlər

Bütün Xəbər Lenti