BƏT: Rəqəmsal əmək platformaları ilə bağlı yeni beynəlxalq konvensiya hazırlanır
- 10 dekabr, 2025
- 12:19
Rəqəmsal əmək platformaları ilə bağlı yeni beynəlxalq konvensiya hazırlanır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə nümayəndəsi Yaşar Həmzəyev Bakıda keçirilən "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, təhlükəsiz və sağlam iş mühiti artıq beynəlxalq əmək hüquqlarının əsas prinsiplərindən biri kimi tanınır və bu sahədə normativ bazanın təkmilləşdirilməsi istiqamətində yeni təşəbbüslər həyata keçirilir.
Y. Həmzəyev qeyd edib ki, beynəlxalq əmək hüququnda rəqəmsal əmək platformalarında çalışan işçilərlə bağlı ciddi normativ boşluqlar mövcuddur: "BƏT-in tədqiqatlarına əsasən, bu sahədə çalışanların böyük əksəriyyəti özünüməşğul və ya qeyri-formal məşğulluq statusunda fəaliyyət göstərir və hazırda platforma iqtisadiyyatı ilə bağlı vahid beynəlxalq tərif və kompleks tənzimləyici aktlar mövcud deyil".
Onun sözlərinə görə, rəqəmsal platformalarda geniş tətbiq edilən alqoritmlər beynəlxalq əmək normalarında ayrıca tənzimlənmir: "Bunun nəticəsində, yeni beynəlxalq əmək normasına ehtiyac yaranıb. Gələn ilin iyun ayında Cenevrədə (İsveçrə) keçiriləcək Beynəlxalq Əmək Konfransında yeni beynəlxalq əmək konvensiyasının qəbul edilməsi planlaşdırılır".
O vurğulayıb ki, beynəlxalq əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesi davamlı xarakter daşımalı və sürətlə dəyişən əmək bazarının tələblərinə uyğun aparılmalıdır.