Bakıda mənzillər bahalaşıb
- 12 aprel, 2022
- 10:49

Bu ilin mart ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər fevral ayına nisbətən 1,43 % azalıb, illik müqayisədə isə 4,29 % artıb.
Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, mart ayında paytaxtda təkrar mənzillərin qiyməti 0,29 %, il ərzində isə 1,73 % artıb. Təkrar mənzil bazarında bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 550 manatdan çox) qiymətində ay ərzində 6,4 % artım, il ərzində 1,29 % azalma, orta mənzillərin qiymətində (1 kvadrat metrin qiyməti 1 700-2 500 manat çivarında) ay ərzində 1,36 %, il ərzində 0,31 % azalma, ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 700 manata qədər) qiymətində isə ay ərzində 0,88 %, il ərzində 2,93 % artım qeydə alınıb.
N. İbrahimov bildirib ki, mart ayında ilkin mənzil bazarında qiymətlərdə əvvəlki ayla müqayisədə 6,29 %, il ərzində 9,11 % artım müşahidə edilib. İlkin mənzil bazarında ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1 190 manata qədər) qiyməti ay ərzində 1,08 % artıb, il ərzində 0,74 % azalıb, orta mənzillərin (1 kvadrat metrin qiyməti 1 190-2 040 manat çivarında) qiyməti ay ərzində 2,34 %, il ərzində 0,46 % azalıb, bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 040 manatdan çox) qiymətində isə ay ərzində 1,78 %, il ərzində 4,89 % ucuzlaşma olub.
"Mənzillərin kirayəsi bazarında bu ilin mart ayı ərzində qiymətlərdə (orta qiymət, manat/kv.m) 1,68 %, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 4,04 % azalma qeydə alınıb. Ucuz mənzillərin (aylığı 500 manata qədər) kirayə qiymətlərində ay ərzində 1,46 % azalma, il ərzində 1,5 % artım, orta mənzillərin (aylığı 500-1000 manat çivarında) kirayə qiymətlərində ay ərzində 0,88 % artım, il ərzində 3,37 % azalma, bahalı mənzillərin (aylığı 1 000 manatdan çox) kirayə qiymətlərində ay ərzində 1,05 % artım, il ərzində 2,5 % azalma müşahidə edilib", - N. İbrahimov qeyd edib.