Bakıda halal məhsulların sərgisi keçirilir
- 07 oktyabr, 2025
- 17:33

Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində sərgi təşkil edilib.
"Report" xəbər verir ki, sərgidə 30-a yaxın yerli və xarici şirkətin istehsalı olan məhsullar və xidmətlər nümayiş olunur.
Yerli şirkətlərlə yanaşı, sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Qırğızıstan şirkətlərinin məhsulları təqdim olunur, qida məhsulları, parfümeriya, kosmetik vasitələr, tekstil məhsulları, aksesuarlar və s. nümayiş etdirilir.
Həmçinin, sərgidə Qida Təhlükəsizliyi Agentliyi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Pakistan-Azərbaycan Ticarət Palatası da öz stendləri ilə təmsil olunurlar.
Sabah başa çatacaq sərgi yerli və xarici şirkətlərə öz məhsullarını və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrə tərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqə yaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiya mübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla tanış olmaq imkanı verəcək.