Bakıda mənzillər apreldə bahalaşıb
- 12 may, 2022
- 06:01

Bu ilin aprel ayında Bakının mənzil bazarında qiymətlər mart ayına nisbətən 0,3 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,1 % artıb.
Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, ötən ay paytaxtın təkrar mənzil bazarında qiymətlər (1 kvadrat metrə görə daimi struktur ilə orta qiymət) əvvəlki aya nisbətən 7 %, illik müqayisədə isə 6,4 % azalıb. O cümlədən bahalı mənzillərin qiymətlərində (1 kvadrat metrin qiyməti 2 550 manatdan çox) ay ərzində 4,4 %, il ərzində 9,1 % azalma, orta səviyyəli mənzillərin qiymətində (1 kvadrat metrin qiyməti 1 700-2 500 manat çivarında) ay ərzində 0,1 %, il ərzində 2,8 % azalma, ucuz mənzillərin qiymətlərində (1 kvadrat metrin qiyməti 1 700 manata qədər) isə ay ərzində 1,1 % azalma, il ərzində 0,5 % artım qeydə alınıb.
N. İbrahimov bildirib ki, aprel ayında ilkin mənzil bazarında qiymətlərdə (1 kvadrat metrə görə ) marta nisbətən 1,1 % azalma, illik müqayisədə isə 10,3 % artım müşahidə edilib. O cümlədən ucuz mənzillərin qiymətləri (1 kvadrat metrin qiyməti 1 190 manata qədər) ay ərzində 6 %, il ərzində 3 % artıb, orta səviyyəli mənzillərin qiymətləri (1 kvadrat metrin qiyməti 1 190-2 040 manat civarında) ay ərzində 2,9 %, il ərzində 3,8 % artıb, bahalı mənzillərin qiymətləri (1 kvadrat metrin qiyməti 2 040 manatdan çox) isə ay ərzində 2,1 % artıb, il ərzində 5,8 % azalıb.
"Bu ilin aprel ayında mənzillərin kirayəsi bazarında isə qiymətlərdə mart ayına nisbətən (1 kvadrat metrə görə) 7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,5 % artım qeydə alınıb. Ucuz mənzillərin kirayə qiymətlərində (aylığı 500 manata qədər) ay ərzində 1,7 %, il ərzində 23,4 % artım, orta səviyyəli mənzillərin kirayə qiymətlərində (aylığı 500-1000 manat çivarında) ay ərzində 3,2 %, il ərzində 1,2 % azalma, bahalı mənzillərin kirayə qiymətlərində (aylığı 1 000 manatdan çox) isə ay ərzində 7,7 %, il ərzində isə 2,7 % artım müşahidə edilib", - N. İbrahimov qeyd edib.