AZSTAND COP30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib
- 21 noyabr, 2025
- 10:03
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransının (COP30) "Mavi Zona"sındakı Azərbaycan pavilyonunda "Standartlar vasitəsilə yaşıl gələcəyin formalaşdırılması (Shaping green future through standards)" mövzusunda panel sessiyası təşkil edilib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, panelin əsas məqsədi dayanıqlı inkişaf hədəflərinə nail olmaq və qlobal ətraf mühit çağırışlarını dəstəkləmək üçün beynəlxalq standartların mühüm vasitə kimi tətbiqini təşviq etmək olub. Həmçinin sessiya sənaye, hökumət və icmalar üçün yaşıl təcrübələrin qəbul edilməsi və dayanıqlı gələcəyin qurulmasına standartların necə rəhbərlik etdiyini nümayiş etdirmək məqsədi daşıyıb. Bununla yanaşı, proqram əməkdaşlıq, innovasiya və məsuliyyətli siyasət formalaşdırılması vasitəsilə dayanıqlı təcrübələrin genişləndirilməsini təşviq etməyi, eləcə də standartlaşdırmanın yaşıl, dayanıqlı və inklüziv dünya qurulmasında əhəmiyyətini gücləndirməyi hədəfləyib.
AZSTAND-ın baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadənin moderatorluğu ilə keçirilən panelin spikerləri ekologiya və təbii sərvətlər nazirinin müavini Ümayra Tağıyeva, Prezidentin İqlim Məsələləri üzrə Nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimov, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibinin müavini Silvio Dulinski, İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutunun (SMIIC) baş katibi İhsan Övüt və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın (OIML) prezidenti dr.Bobjozef Metyu olub.
Çıxışlar zamanı standartların harmonizasiyasının iqlim tədbirlərinə dəstək göstərmək, emissiyaların azaldılmasına töhfə vermək və xüsusilə qida texnologiyası ilə su idarəçiliyi kimi sahələrdə resurs səmərəliliyini artırmaq baxımından əhəmiyyətinə diqqət çəkilib. Bundan əlavə, standartlaşdırma orqanları ilə hökumət qurumları arasında əməkdaşlığın genişləndirilməsinin, ətraf mühit siyasətlərinin qlobal ən yaxşı təcrübələrlə uyğunlaşdırılmasının və dayanıqlı, yaşıl gələcəyə doğru əlaqəli və səmərəli yanaşmaların təşviq edilməsinin vacibliyi vurğulanıb.