AZPROMO Polşa İnvestisiya və Ticarət Agentliyi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
- 04 noyabr, 2025
- 11:28
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Polşa İnvestisiya və Ticarət Agentliyi (PAIH) arasında özəl sektorda əlaqələrin gücləndirilməsi məqsədilə sorğunun keçirilməsi barədə razılıq əldə olunub.
"Report" AZPROMO-ya istinadən xəbər verir ki, bu barədə razılıq Varşava şəhərində Agentliyin icraçı direktorunun müavini Tural Hacılı və PAIH-nin İdarə Heyətinin sədri Andjey Dıha ilə görüşüdə əldə edilib.
Görüş zamanı Azərbaycan-Polşa iqtisadi əməkdaşlığının inkişafı, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının səmərəli istifadəsi və ticarət dövriyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Tərəflər özəl sektorda əlaqələrin gücləndirilməsi məqsədilə şirkətlər arasında sorğunun keçirilməsi, mövcud tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və sorğu nəticələrinə əsasən konkret və praktiki addımların atılması barədə razılığa gəliblər.