"Azexport" yerli məhsulların Oman və Qətərə ixracını həyata keçirəcək

Biznes
  • 05 noyabr, 2025
  • 16:09
Azexport yerli məhsulların Oman və Qətərə ixracını həyata keçirəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı yerli məhsulların Oman və Qətərə ixracını həyata keçirəcək.

Bu barədə "Report"a Mərkəzdən bildirilib.

Məlumata görə, portalın "Gələn alıcı missiyası" (Incoming Buyer Mission) proqramı çərçivəsində Azərbaycanın şimal bölgəsində yerləşən təsərrüfatlara, soyuducu anbar və logistika mərkəzlərinə növbəti səfər təşkil olunub. Səfərdə Oman və Qətər daxil olmaqla, 10-dan çox ölkəyə ixrac həyata keçirən xarici şirkət nümayəndələri iştirak ediblər. Alıcılar intensiv və superintensiv meyvə bağlarında yetişdirilən məhsullar, onların çeşidlənməsi, qablaşdırılması və daşınması proseslərində tətbiq olunan müasir texnologiyalarla tanış olublar.

"Azexport"un rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanda istehsal olunan meyvə-tərəvəz məhsullarını xarici alıcılar böyük maraqla qarşılayır, məhsullar regionda yüksək keyfiyyəti və dadı ilə seçilir. Bu görüşlər ixrac əlaqələrinin genişlənməsinə və yerli istehsalçılarımızın beynəlxalq bazarlarda daha geniş tanınmasına xidmət edir.

A.Qədəşovun sözlərinə görə, növbəti mərhələdə yerli məhsullar üçün əsas hədəf pərakəndə satış bazarlarına uyğun qablaşdırma və brendləşdirmə olmalıdır. Yəni artıq təkcə topdansatış deyil, həm də pərakəndə satışa hazır, keyfiyyətli və tanınan brend məhsulların ixracına keçid üçün zaman yetişib. Məhsulların ixrac bazarlarına brendləşdirilmiş formada təqdim olunması eyni həcmdə daha yüksək qiymətlə satışı təmin edir. Bu istiqamətdə portalın yerli sahibkarlarla birgə fəaliyyəti davam edəcək.

Portalın "Gələn alıcı missiyası" proqramı çərçivəsində müxtəlif ölkələrdən gələn şirkət nümayəndələri yerli sahibkarlarla birbaşa əlaqə qurmaq, məhsulları yerindəcə qiymətləndirmək və əməkdaşlıq üçün müzakirə aparmaq imkanı əldə edirlər. İndiyədək bu proqram çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətlərinin Azərbaycana səfəri təşkil edilib, yerli məhsulların beynəlxalq bazarlarda tanıdılması və ixrac həcmlərinin artırılmasını "Azexport" dəstəkləyib.

Bənzər görüşlərdə iştirak etmək istəyən yerli şirkətlər "Azexport" portalına müraciət edə bilərlər. Görüşlərin təşkili və portal tərəfindən təqdim olunan xidmətlər tamamilə ödənişsizdir, hər hansı xidmət haqqı və ya komissiya nəzərdə tutulmur.

Son xəbərlər

Bütün Xəbər Lenti